Ermənistanın dövlət tənzimləyicisi üç gün davam edən xüsusi iclasdan sonra rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyana məxsus “Tashir Capital” şirkətini “Ermənistan Elektrik Şəbəkələri”nin idarəetmə lisenziyasından məhrum edib. Qurum qərarını enerji sektorunda aşkar edilmiş ciddi pozuntularla əsaslandırıb.
NOCOMMENT.az sputnik-ə istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, şirkət uzun müddət ərzində bir sıra qayda pozuntularına yol verib. Bunlara abonentlərin hesablarında süni şəkildə artırılmış ödənişlər (“şişirtmələr”), yeni müştərilərin şəbəkəyə qoşulmasında sistemli gecikmələr və tənzimləyici quruma məlumat verilmədən əlaqəli şirkətlərə 690 milyon dollar dəyərində gizli zəmanətlər verilməsi daxildir.
Komissiya bu faktları “şəffaflığın kobud şəkildə pozulması və istehlakçı hüquqlarına zərbə” kimi dəyərləndirərək lisenziyanın tam şəkildə ləğvinə qərar verib. Bununla da Karapetyanın Ermənistandakı enerji sektorundakı əsas dayaq nöqtəsi ciddi zərbə almış olur.
Qərardan sonra “Ermənistan Elektrik Şəbəkələri”nin idarəçiliyinin müvəqqəti olaraq dövlət nəzarətinə keçiriləcəyi bildirilib. Yaxın aylarda isə yeni operatorun seçilməsi planlaşdırılır. “Tashir” qrupuna yaxın mənbələr lisenziyanın ləğvini “siyasi motivli addım” kimi qiymətləndirsə də, tənzimləyici qurum bu iddialar barədə açıqlama verməyib.













