Son dövrdə Rusiya ilə Azərbaycan arasındakı gərginlik Bakı və Vaşinqton arasındakı münasibətləri daha da yaxınlaşdırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika Analitik Mərkəzi “Atlantic Council”-in Avrasiya departamentinin baş direktoru Con E. Herbst Azərbaycan-ABŞ 1-ci Analitik Mərkəzlər Forumunda bildirib.
Herbst vurğulayıb ki, AZAL-a məxsus təyyarənin vurulması və bunun inkar edilməsi, Rusiyada azərbaycanlı iş adamlarına qarşı mənfi münasibət, eləcə də digər oxşar faktorlar ABŞ və Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsinə səbəb olub.
Ekspert əlavə edib ki, Tramp administrasiyasının Cənubi Qafqaza verdiyi diqqət bu regionda ABŞ-ın mövqeyini gücləndirir. Bu baxımdan Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.
Herbst həmçinin Türkiyə Prezidentinin ABŞ üçün çətin tərəfdaş olduğunu qeyd edib. Lakin o vurğulayıb ki, Vaşinqton və Ankara maraqları Yaxın Şərqdə və Cənubi Qafqazda üst-üstə düşür, bu isə əməkdaşlıq imkanlarını artırır.













