Türkiyə Bankalar Birliyi Risk Mərkəzi məlumat yayıb ki, Türkiyədə 43 milyon şəxs bankalara borcludur.
Məlumata görə, təxminən 43 milyon Türkiyə vətəndaşı fərdi kredit borcuna sahibdir.
Adambaşına düşən orta borc artaraq 123,124 TL (4949 manat) olub.Yəni Türkiyədə orta hesabla hər kəs 4949 manat banklara pul borcludur. Fərdi kredit götürənlərin sayı 43 milyona çatdığı halda, bu, 86 milyonluq əhalinin təxminən yarısının banklara borcu olması deməkdir.
Azərbaycanda vəziyyət fərqlidirmi?
May ayının əvvəlində deputat Vüqar Bayramov Milli Məclisin keçirilən iclasında isə ərz eləmişdi ki, hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var və rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır: “2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib.
“Yeni Sabah”a danışan sabiq maliyyə naziri, professor Fikrət Yusifov isə qeyd edib ki, Azərbaycanda əhalinin banklara borcu 27 milyard manatı keçib. Dövlət Statisika Komitəsinin cari ilin əvvəlinə olan məlumatına görə, ölkədə banklar tərəfindən ümumilikdə 27 milyard 477 milyon 656 min manat həcmində kredit verilib. Bu göstəriciyə əsasən, adambaşına düşən kredit məbləği 2 min 687 manat təşkil edir. Verilən kreditlərin böyük hissəsi isə paytaxtın payına düşür. Bakıda banklar tərəfindən 21 milyard 35,3 milyon manat kredit verilib. Odur ki, paytaxtda hər bir sakinə orta hesabla 8 min 948 manat kredit düşür.
Beləliklə, Türkiyədə əhalinin banklara adambaşına 4949 manat borcu varsa, Azərbaycan bu göstərici 2 min 687 manat təşkil edir. Rəqəmlərdən gördüyünüz kimi ölkənin borcla yüklənmiş hissəsi isə paytaxt sakinləridir:8948 manat.
Qeyd edək ki, iqtisadçı – deputat Vüqar Bayramov bu ilin martında açıqlama vermişdi. O bildirmişdi ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda banklar 71 milyon manat xalis mənfəət əldə edib:” Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz və ya 28,6 milyon manat azdır. 2024-cü ilin yanvar ayında bankların xalis mənfəəti 99,6 milyon manat təşkil etmişdi”.
Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı 2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləğinin 528.1 milyon manat təşkil etdiyini bildirib.
Əhali isə faizlərin günbəgün artması səbəbilə kredit borclarını ödəyə bilmədiyini önə sürür.
Əntiqə Rəşid









