Uzun iş saatı və əlavə dərs yükü məsələsi hazırda gündəmin ən çox müzakirə edilən mövzusuna çevrilib.
Belə ki, bir çoxları məktəbdə iş saatının artmasından narazılıq bildirir.
Bəs görəsən, yeni layihənin tətbiqi təhsil sektoruna necə təsir göstərəcək?
Mövzunu NOCOMMENT.az-a təhsil eksperti Ramin Nurəliyev şərh edib:
“Son qərara əsasən müəllimlərin əməkhaqqları dərs saatına yox, iş saatına əsasən müəyyənləşəcək. Əslində bu, beynəlxalq əhəmiyyət daşıyan bir layihədir və təcrübədə uğurla davam etdirilir. Təhsili inkişaf edən ölkələrdə bu layihənin müsbət tərəfləri hiss olunur. Düşünürəm ki, Emin Əmrullayev bu səbəbdən həmin layihəni Azərbaycana gətirməyə çalışır. Çünki dərs saatlarının çox olması, az və çox dərsi olanların mübahisəsi təhsil sisteminin inkişafına mənfi təsir göstərir. Bu səbəbdən dərs saatına görə, əməkhaqqlarının təyin edilməsi düzgün mexanizmdir.
Ancaq saat 18:00-a kimi yox, 16:00-17:00-a qədər iş saatı tətbiq edilsə daha yaxşı olar. Yəni müəllimlər bir saat tez işdən çıxar. Belə ki, səhər 08:00-da işə gələn müəllim günorta 16:00-da, 09:00-da dərsə başlayan isə 17:00-da işini bitirməlidir. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Bunun təhsil sisteminə müsbət təsiri olacaq”.

Ekspertin sözlərinə görə, bununla yanaşı təhsil sektorunda mövcud olan bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır:
“Müəllimlərin əməkhaqqı artırılmalı, sosial problemlərinin həlli üçün müvafiq addımlar atılmalıdır, nəqliyyat və əmlak məsələlərində güzəştlər edilməlidir. Bütün bunlar müəllimliyə olan rəğbətin artmasına və layihənin gözəl formada tətbiqinə yol aça bilər. Şagirdlərə davranış baxımından da bu layihənin müsbət tərəfi olacaq. Çünki müəllim əlavə qalan saatlarda şagirdlərlə məşğul ola, onların sosial problemlərini dinləyə və müxtəlif tədbirlər həyata keçirə biləcək”.












