Rusiya Avropada genişmiqyaslı müharibəyə hazırlıq prosesinə başlayıb. Polşa Baş Qərargah rəisi, general Vislav Kukula Rusiyanın Polşa ərazisinə qarşı kiberhücumlar və təxribatların artmasını məhz bu hazırlığın göstəricisi kimi qiymətləndirib.
Bəs, bu fəaliyyətlər Rusiyanın Polşaya qarşı real hərbi əməliyyatlara hazırlaşması kimi dəyərləndirilə bilərmi?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Ukrayna müharibəsi uzandıqca Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma ehtimalı artır:
“Ukrayna müharibəsi davam etdikcə konfliktin coğrafiyasının genişlənməsi riski yüksəlir. Əgər yeni ərazilər döyüş meydanına çevriləcəksə, burada ilk hədəfin Polşa və Pribaltika ölkələri olacağı ehtimalı günbəgün güclənir”.
Politoloqun sözlərinə görə, Rusiyanın bu ölkələrin hava sərhədlərini pozması, kibertəhlükələr yaratması və müxtəlif təxribatlar törətməsi Moskvanın real hərbi əməliyyatlara hazırlıq mesajı kimi qiymətləndirilə bilər:
“Rusiya bu regionda ardıcıl şəkildə hava məkanını pozur, kiberhücumlar təşkil edir və müxtəlif təxribat xarakterli addımlar atır. Bu isə o deməkdir ki, Moskva Qərblə birbaşa münaqişə baş verəcəyi təqdirdə ilk zərbəni Polşa və Pribaltikaya endirəcək”.
Taleh Əliyev həmçinin vurğulayıb ki, Polşa rəsmilərinin son açıqlamaları ölkə daxilində də təhlükənin ciddi qəbul edildiyini göstərir.
NATO-nun artıq bölgədə təhlükəsizlik tədbirlərini gücləndirdiyini xatırladan politoloq əlavə edib:
“NATO Polşa, Pribaltika və Rumıniya ərazisində Rusiyadan gələ biləcək müdaxilələrə qarşı müdafiə mövqelərini gücləndirir. Son illər intensivləşən hərbi təlimlərin də əsas məqsədi məhz Rusiyanın mümkün təcavüzü halında alyansın sürətli reaksiyasını təmin etmək və üzv ölkələrin təhlükəsizliyini qorumaqdır”.
Qeyd edək ki, Polşa rəsmilərinin Rusiya ilə bağlı həyəcanlı açıqlamaları regionda gərginliyin daha da artdığını göstərir.
Aynurə İsmayıl










