Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib
NOCOMMENT.az Bakupost-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.
Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
Roza Cəlilova 1929-cu il mayın 17-də Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Uzun illər xoreoqraf kimi də fəaliyyət göstərən rəqqasə 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq davamlı olaraq xarici ölkələrə qastrollara gedib.
Onun repertuarında Azərbaycanla bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların milli rəqsləri də böyük yer tutub. Rəqqasə səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.
Dünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova “Gülüstan” ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib.
Ömrünün sonuna qədər pedaqoji fəaliyyətdə çalışıb – Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada dərs deyib.
2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunmuşdu.













