Son günlər Zəngilan rayonunun Yenikənd kəndinin sakini Yaşar Cəfərovun video müraciəti sosial şəbələrdə geniş müzakirələrə səbəb olub.
Çıxışı birmənalı qarşılanmayan sabiq köçkün ona dəyən 30 illik maddi ziyanın kompensasiyasını Ermənistandan yox, Azərbaycandan tələb etməsi bir çoxlarının “qəzəbinə” səbəb olub.
Məsələ ilə bağlı keçmiş məcburi köçkün AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin mövzu ilə bağlı fikirləri ilə tanış olduq .
Alim bildirdi ki, 1992- 93-cü illərdə məcburi köçkünlərin nə günahı var idi ki, dövlət siyasi oyunlar oynayıb onları doğma yurdlarından etdi. Dövlət hakimiyyətdir. Bizim Ağdamda evimizdən zorla çıxaran da dövlətin vəzifəyə qoyduğu adamların dəstəsi idi. Silahla, zorla! Biz erməniyə qalib gələ bilərdik. Öz satqınlarımıza qalib gələ bilmədik
Allahverdini kim öldürdü!
Əlyarı kim öldürdü!
Vəziri kim öldürdü!
Şirin Mirzəyevi kim öldürdü?
Digərlərini kim öldürdü? Erməni öldürmədi. O vaxt dövlətin təyin etdiyi satqın hərbçilər öldürdü.
Niyə biz bu həyatı yaşamalı idik ?
Mənim nə günahım var idi ki, ömrümün böyük hissəsini yataqxanada yaşayım?
Deyəcəksiniz vuruşub qoruyardınız da.. Hakimiyyət davasına görə döyüşçülərin yerləri düşmənə verilirdi, xəyanət nəticəsində yüzlərlə ailələr məhv olurdu. Gün ərzində yüzlərlə raket yağırdı insanların başına. Hamı ölməli idi bəyəm? İndi 30 yaşlı gənclərin o zaman 3 yaşı var idi. Biz ailəmizi düşmənə verməli, Xocalı zülmü yaşamalı idik ki, siz bizi “qaçan günahkar” kimi düşünməyəsiniz ?
Tutaq ki, Yaşar Cəfərovu haqlı bilmirəm, səhvdir. Yaxud bəlkə də fikrini düz ifadə edə bilməyib. Amma onu tənqid -təhqir edənlərin yanaşması elədir ki, guya məcburi köçkünlər yağ- bal içində yaşayıb. Pəncərədən süzülən işıqda dərs oxuyurdum.
Yataqxanada neçə-neçə adamın bir hamam, bir ayaqyolu gözləməsi bilirsiniz nədir ? Bir otaqda 8 ailənin yaşaması nədir ?
Dövlət nə verib ? Bir otaqda 8 nəfər yaşamaq ?Ayda 33 manat çörək pulu verib.( Son illər 60 manat olub- red-Ə.R) Kommunalı da dövlətin balansından məmurlar siliblər. Bilirsiniz Əli Həsənov vaxtında Azərişığa Komitənin nə qədər borcu var idi ?
Z.Əliyev fikirlərini davam etdirib: ”Bir insan öz mülkiyyət hüququnu kimdən tələb etsin ? Dövlətdən ? Nə üçün ? Dövlət müharibə dövründə dəyən zəruri Ermənistandan tələb edə bilər. Necə ki, Çıraqov və digərlərinin hüquqlarını Beynəlxalq Məhkəmədə qoruyub Ermənistanı dəymiş zərəri ödəməyə məcbur elədi.
Biz Dövlətin, sənin, digərinin vergiləri hesabına tikilən, lakin işi natamam görən insanlara dəstək olmaq niyyətimiz yoxdur. Dava ev davası deyil, dövlətin pulunun silinməsinə qarşıdır.
İkinci də Sovetski söküləndə kvadrat davası edən şəxsləri niyə təndiq etməyə izni verilmir? Yaxud dənizin kənarını hasarlayan məmurlara söz niyə deyilmir?”.
Xatırladaq ki, Yaşar Cəfərov 2019-cü ildə küçədə “Zəngilanımı alsın, Paşinyan yol çəkir Zəngilana” deyə haray salmışdı. Elə o vaxtdan sosial şəbəkə istifadəçiləri onu tanyırdılar. İstəyi reallaşandan sonra – 2020-ci ilin payızında verdiyi müsahibədə isə Zəngilanın işğaldan azad olunmasını göz yaşları və sevinclə qeyd edirdi. Cəfərov Yaşar məlum videosunda 30 il ərzində ona, ailəsinə və bütövlükdə Azərbaycan vətəndaşlarına dəyən zərərdən danışıb və təzminat ödənilməsini tələb edib. Burada qınamalı nə var? Bu, ən təbii, ən haqlı tələbdir.
Qeyd edək ki, 2005-ci ildə 6 laçınlı məcburi köçkün və müharibə veteranı Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov və Qaraca Cəbrayılov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdi. Çox uzun və gərgin mübarizədən sonra 2015-ci ildə məhkəmə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə xeyirinə qərar çıxardı. Lakin Ermənistan hələ də qərarın icrasını yerinə yetirmir. Onlar utanmadan həmin şəxslərin əleyhimizə Avropa Məhkəməsində iddia qaldırırlar. Məhkəmə ermənilərin iddialarını rədd edir. B6 zərərçəkmişin xeyrinə Avropa Məhkəməsi simvolik olaraq 6 min avroluq qərar çıxarıb. Hansı ki, dəyən ziyan 2 milyon civarındadır. Ermənistandan təzminat tələbi vətəndaşların hüququ olsa da, bu prosesi Azərbaycan dövləti uğurlu siyasəti ilə həyata keçirməlidir.Daha dəqiq, Azərbaycan vətəndaşının beynəlxalq arenada təmsilçisi Azərbaycan dövləti həmişəki kimi onun arxasında durmalı tələbini beynəlxalq qanunlar çərçivəsində gündəmə gətirərək həll etməlidir!
Əntiqə Rəşid













