“Göldə yaşayan balığı broyler toyuğu ilə eyni kateqoriyada zərərlidir kimi təqdim etmək düzgün deyil”.
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.

O, göl balığı ilə broyler toyuğunun sağlamlığa təsirlərinin fərqli olduğunu vurğulayıb və hər iki qidanın risklərini fərqli aspektlərdən izah edib:
“Hər iki qida fərqli şəraitdə yetişir, fərqli risklər daşıyır və sağlamlığa təsirləri də tam başqa səbəblərdən formalaşır. Bununla yanaşı, göl balığının da müəyyən hallarda risk yaratdığı faktını gizlətmək olmaz. Daha aydın görmək üçün hər iki məhsulun əsas xüsusiyyətlərinə nəzər yetirməliyik.”
Ekspertin sözlərinə görə, göl balıqlarının əsas təhlükəsi onların hansı tərkibli göldə olmaları ilə əlaqəlidir:
“Əsas problem, yaşadıqları su mühitinin keyfiyyət göstəriciləri ilə bağlıdır. Əgər göldə sənaye tullantıları, kənd təsərrüfatı kimyəviləri, ağır metallarla çirklənmə varsa, balığın orqanizmə daxil olur və orda yığılıb qalır. Xüsusilə civə, qurğuşun, kadmium kimi maddələrin səviyyəsi yüksəlibsə, bu, insan orqanizmi üçün zərərlidir. Buna görə bəzən təbii göl balığı tam təhlükəsiz olmaya bilər. Amma təmiz sulu, ekoloji nəzarətdə olan göllərdə tutulan balıq zərər mənbəyi deyil. Bu balıq yaxşı protein, omega-3 və mikroelement qaynağıdır.”
Ekspert broyler toyuqlarının sürətli böyüməsi üçün xüsusi yemlə bəsləndiyini, bu yemlərin yüksək enerji və protein tərkibli olduğunu qeyd edib:
“Broyler toyuqlarında əsas narahatlıq antibiotik qalıqları, dar məkanlarda yetişmə, bəslənmə balansının təbiidən uzaq olması və bəzi hallarda hormon istifadəsi ilə bağlıdır. Əgər qaydalara və normativlərə düzgün riayət olunsa, zərər minimuma endirilə bilər.”
A.Vəliyev göl balığı və broyler toyuğu arasındakı fərqi belə izah edib:
“Göl balığının riski ətraf mühitdən, broylerin riski isə yetişdirmə texnologiyasından gəlir. Yəni təhlükənin mənbəyi və təsir mexanizmi tam fərqlidir. Hər iki qidanın təhlükəsizliyi istehsal və nəzarət səviyyəsindən asılıdır.
Təmiz göl balığı broylerdən qat-qat sağlam olur. Eyni şəkildə ciddi nəzarət altında yetişdirilmiş broyler toyuğu da çirkli göl balığından daha təhlükəsiz ola bilər. Elmi baxımdan yanaşsaq, göl balığı broyler qədər zərərlidir demək yanlışdır. Hər ikisi düzgün şəraitdə istehsal edilirsə, rahatlıqla və sağlam şəkildə istehlak edilə bilər.”
Aynurə İsmayıl













