Müstəqil Azərbaycanın ən stajlı səfirlərindən biri də Tamerlan Qarayevdir. Tamerlan Qarayev ixtisasca hüquqşünas olsa da, 25 ildir Azərbaycanın müxtəlif ölkələrdə mövcud olan diplomatik korpuslarına rəhbərlik edir.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, Tamerlan Yelmar oğlu Qarayev 1952-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Atası Yelmar Qarayev təkcə iti zəkası, ensklopedik hüquq bilgiləri ilə deyil, həm də əksər azərbaycanlılara xas olan səmimiyyəti ilə müasirlərindən seçilib. Gənc yaşlarında “prokuror oğlu” kimi tanınan Tamerlan eyni statusda olduğu həmyaşıdlarından fərqli olaraq, ötən əsrin səksəninci illərinin sonunda Milli Azadlıq Hərəkatına qoşulub.
AXC Ali Məclisinin sədri vəzifəsini tutub. Prinsipial mövqeyinə və dərin savadına görə hörmət və ehtiram sahibi olub.
Prokuror oğlunun ulduzu 1991-ci ildə parlayıb. O, AXC sədri Əbülfəz Elçibəyin xeyir-duası ola 1991-93-cü illərdə Milli Məclis sədrinin müavini postunu tutub.
Mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra 41 yaşlı Qarayevin həyatında yeni mərhələ başlayıb.
Tamerlan Qarayev 1993-cü ildə əhalisinin sayına görə dünyanın ən nəhəng ölkəsi olan Çində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qarayevin uzaq Şərq ölkəsində səfir kimi fəaliyyəti 7 il davam edib. O, 7 may 2001-ci ilə kimi ölkəmizi Çində təmsil edib.
Tamerlan Qarayevin səfir kimi karyerasını davam etdirdiyi növbəti ölkə Hindistan olub. Prokuror oğlu 1 sentyabr 2004 – 15 sentyabr 2011-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Bundan sonra Qarayev üçün növbəti “dayanacaq” İndoneziya Respublikası olub. O, Cənub-Şərqi Asiyanın ən böyük dövlətində ölkəmizi 7 il təmsil edib.
73 yaşlı diplomat 13 dekabr 2018-ci ildən bu günə kimi Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyir.
Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Fotoda: Tamerlan Qarayev














