Məşhur şirkətdən böyük qalmaqal: Şəxsi məlumatların sızdırılması İDDİASIbackend

Məşhur şirkətdən böyük qalmaqal: Şəxsi məlumatların sızdırılması İDDİASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Rəşad Xəlilov VFS Global şirkətinin Bakı və Baş ofislərinə dəfələrlə müraciət edərək öz şəxsi məlumatlarının — o cümlədən Ümumi Vətəndaş Pasportunun, məhkumluq haqqında arayışın və digər fərdi informasiyaların — üçüncü şəxslərə ötürülməsi ilə bağlı izahat tələb edib. Xəlilovun sözlərinə görə, şirkət məlumatların sızdırılmasını şifahi şəkildə etiraf etsə də, yazılı izahat təqdim etməkdən imtina edir.

Onun fikrincə, bu hal Azərbaycan Respublikasının “Fərdi Məlumatlar haqqında” Qanunu, “Kibertəhlükəsizlik haqqında” Qanunu, həmçinin Konstitusiya ilə qorunan hüquqlarının pozulmasıdır. Xəlilov vurğulayıb ki, fərdi məlumatların icazəsiz ötürülməsi cinayət tərkibli əməl hesab olunur və məsuliyyət yaradır.

Rəşad Xəlilov bildirir ki, hüquqları tam şəkildə bərpa olunana qədər mübarizəni davam etdirəcək və məsələ həm hüquqi, həm beynəlxalq, həm də ictimai səviyyədə araşdırılacaq:

“Heç bir qurum və ya şirkət insanın şəxsi sənədləri ilə bu cür rəftar etməyə haqqı yoxdur. Bu məsələ nə hüquqi, nə də ictimai baxımdan məsul şəxslərin diqqətindən yayınmayacaq.”

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Konstitusiyanın 32-ci maddəsi şəxsi və fərdi məlumatların qorunmasını təmin edir:

“Xarici ölkəyə müraciət zamanı həmin ölkənin səlahiyyətli qurumları və ya şirkətləri əldə olunan məlumatların konfidensiallığını təmin etməlidirlər. Məlumatların yayılması ehtimalı varsa, vətəndaş ilk növbədə Baş Prokurorluğa müraciət etməlidir. Prokurorluq şirkətin səlahiyyətli şəxsləri barəsində araşdırma aparmalıdır.”

Ramil Süleymanov əlavə edib ki, araşdırma nəticəsində məlumatların doğrudan da şirkətin məsuliyyətsizliyi səbəbindən yayıldığı təsdiqlənərsə, bu zaman cinayət işi başlana bilər:

“Fərdi məlumatların qanunsuz yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Eyni zamanda, vətəndaş məhkəməyə müraciət edərək şirkətdən maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər.”