Video əlavə olunub:
***
Seymur Nazarov — Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon FHN komissiyasının sədri:
“Bir neçə gün əvvəl Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli binanın 5-ci girişinin birinci mərtəbəsi çökmüşdü. Həmin gündən etibarən rayon FHN komissiyasının və aidiyyəti qurumların iştirakı ilə ərazidə təhlükəsizlik tədbirləri görülüb və bina tam şəkildə təxliyə edilib. Binada yaşayış olmayıb.
Bu gün axşam saat 21:30 radələrində binanın 5-ci girişi tam olaraq çöküb. 5-ci mərtəbədən 1-ci mərtəbəyə qədər bütün blok dağılıb. Görülmüş tədbirlər nəticəsində əhalinin binaya daxil olması məhdudlaşdırıldığı üçün hadisə zamanı heç kim içəridə olmayıb və xəsarət alan yoxdur. Hazırda rayonun bütün aidiyyəti qurumları hadisə yerindədir.”
***
Goranboyda döşəməsi çökən binanın bir bloku uçub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Hadisə zamanı xəsarət alan olmayıb, əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib.














