ABŞ dollarının 2017-ci ildən bəri ən kəskin şəkildə ucuzlaşması və Uoll-Strit analitiklərinin Amerika valyutasının gələn il də zəifləyəcəyini proqnozlaşdırması qlobal bazarlarda diqqət mərkəzindədir. Bu prosesin Azərbaycan manatına mümkün təsirləri də maraq doğurur. Maraqlıdır, qlobal miqyasda dolların zəifləməsi Azərbaycan manatına necə təsir göstərə bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dolların qlobal miqyasda zəifləməsi manatın məzənnəsinə əsasən dolayı təsir göstərir.
“Manatın məzənnəsi uzun müddətdir ABŞ dollarına bağlı şəkildə saxlanıldığı üçün dollar beynəlxalq bazarlarda ucuzlaşsa belə, bu, manatın avtomatik möhkəmlənməsi ilə nəticələnmir və məzənnədə kəskin dəyişiklik baş vermir”.
İqtisadçı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün əsas həlledici amil neft gəlirləridir.
“Dolların zəiflədiyi dövrdə neft qiymətləri yüksək və ya stabil qalarsa, ölkəyə daxil olan valyuta axını artır ki, bu da manatın sabitliyini qorumağa kömək edir. Əksinə, neft qiymətlərinin enməsi fonunda dolların ucuzlaşması manat üçün ciddi üstünlük yaratmır”.
Akif Nəsirli əlavə edib ki, dolların ucuzlaşması idxal olunan məhsulların qiymətlərinə də müəyyən təsir göstərir.
“Dollarla alınan malların nisbətən ucuzlaşması daxili bazarda qiymət artımını zəiflədə, inflyasiyanı isə qismən azalda bilər. Lakin bu təsir adətən tədricən və məhdud şəkildə hiss olunur”.
Ümumilikdə, ekspertin fikrincə, dolların qlobal zəifləməsi manat üçün nə ciddi təhlükə, nə də böyük fürsət hesab edilə bilər. Manatın məzənnəsini əsasən neft qiymətləri, ölkəyə daxil olan valyuta həcmi və Azərbaycan Mərkəzi Bankının apardığı məzənnə siyasəti müəyyən edir.














