Qızıl sürətlə UCUZLAŞIR – Risklər nələrdir? backend

Qızıl sürətlə UCUZLAŞIR – Risklər nələrdir? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər qızıl bazarında müşahidə olunan kəskin qiymət dəyişiklikləri həm investorların, həm də sadə vətəndaşların diqqət mərkəzinə çevrilib. Xüsusilə son aylarda qlobal iqtisadi qeyri-müəyyənliyin artması, geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və aparıcı ölkələrin pul siyasətindəki dəyişikliklər fonunda qızıl yenidən “təhlükəsiz liman” kimi ön plana çıxıb.

Son məlumatlara görə, “CME Group-“un Nyu-Yorkdakı COMEX əmtəə birjasında 2026-cı ilin aprel ayına təslimat üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti 1,11 faiz artaraq 5 035 dollara yüksəlib. Bu artım son dövrdə baş verən ciddi dalğalanmalardan sonra bazarda müəyyən sabitləşmə və bərpa meyillərinin yarandığını göstərir.

Xatırladaq ki, bir müddət əvvəl qızılın qiyməti rekord həddə – 5600 dollar səviyyəsinədək yüksəlmişdi. Həmin dövrdə bazarda yüksək gözləntilər, risklərdən qaçma meyli və spekulyativ alışlar üstünlük təşkil edirdi. Lakin qısa müddət sonra qiymətlərdə kəskin eniş baş verdi və qızılın dəyəri 4700 dollara qədər gerilədi. Bu isə bir çox investor üçün gözlənilməz itkilərə səbəb oldu.

İndi isə yenidən yüksəliş tendensiyasının müşahidə edilməsi “bazar sabitləşirmi, yoxsa yeni dalğalanmalar gözlənilir?” sualını aktuallaşdırır.

Əsas maraq doğuran məsələ isə budur: qızılın qiyməti yenidən rekordlar qıra bilərmi, yoxsa yaxın zamanda daha bir ucuzlaşma mərhələsi qaçılmazdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli NOCOMMENT.az -a bildirib ki, hazırkı mərhələdə qızıl bazarında baş verən proseslər təkcə iqtisadi göstəricilərlə deyil, həm də psixoloji və geosiyasi faktorlarla sıx bağlıdır.

Onun sözlərinə görə, son dövrdə müşahidə olunan sürətli bahalaşma və ardınca gələn kəskin eniş bazarın qeyri-sabit xarakter daşıdığını açıq şəkildə göstərir:

“Qızıl hazırda həm qoruyucu aktiv, həm də spekulyativ alət kimi istifadə olunur. Qlobal miqyasda risklər artanda investorlar sürətlə qızıla yönəlir, risklər azalan kimi isə satışlar başlayır. Bu da qiymətlərdə ani sıçrayışlar və enişlər yaradır. 5600 dollarlıq səviyyə daha çox emosional və spekulyativ gözləntilərin nəticəsi idi. Real iqtisadi əsaslar həmin qədər yüksək qiyməti uzun müddət saxlamağa imkan vermirdi. Ona görə də sonradan 4700 dollara qədər geriləmə təbii proses idi”.

Ekspertin fikrincə, qızılın sürətlə ucuzlaşması ehtimalı tamamilə istisna olunmur və bu, bir sıra əsas amillərdən asılıdır:

“Xüsusilə ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək səviyyədə qalması və qlobal iqtisadi sabitliyin artması qızılın qiymətinə ciddi təzyiq göstərə bilər.

Əgər əsas iqtisadiyyatlarda inflyasiya nəzarət altına alınsa, mərkəzi banklar sərt pul siyasətini davam etdirsə və maliyyə bazarlarında sabitlik formalaşsa, investorların qızıla marağı zəifləyəcək. Bu halda qiymətlərdə yenidən eniş müşahidə oluna bilər. Xüsusilə böyük fondların kütləvi satışa başlaması bazarı çox tez silkələyə bilir”.

Akif Nəsirli qeyd edib ki, hazırda 5000 dollar ətrafında formalaşan qiymət səviyyəsi bazar üçün müəyyən psixoloji və texniki dayaq rolunu oynayır:

“Qısa müddətdə bu həddən xeyli aşağı düşmək ehtimalı yüksək deyil. Lakin orta müddətli perspektivdə korrektə riskləri qalır.

Yaxın aylarda 4500 dollardan aşağı kəskin eniş real görünmür. Amma bazar müəyyən qədər soyusa, 4700–4800 diapazonuna geri çəkilmə mümkündür. Bu, sağlam bazar korreksiyası kimi qiymətləndirilə bilər”.

Ekspertin sözlərinə görə, qızıl bazarı üçün əsas risklər sırasında faizlərin artması, dolların möhkəmlənməsi, iri investorların davranışı və geosiyasi risklərin səviyyəsi xüsusi yer tutur:

“Bank faizləri yüksəldikcə, alternativ investisiya alətləri daha cəlbedici olur və qızılın cazibəsi azalır. Eyni zamanda, güclü dollar beynəlxalq bazarlarda qızılın qiymətini aşağı çəkən əsas faktorlardan biridir. Digər tərəfdən, böyük fondların və maliyyə qurumlarının qərarları qısa müddətdə bazarda ciddi dəyişikliklər yarada bilir”.

Yeni rekordların mümkünlüyünə toxunan Akif Nəsirli bildirib ki, belə bir ssenari yalnız fövqəladə qlobal şoklar fonunda real ola bilər:

“Əgər dünya miqyasında böyük maliyyə böhranı baş versə, müharibələr genişlənsə və ya iri valyuta sistemlərində ciddi problemlər yaransa, qızıl yenidən 5500–6000 dollar səviyyəsinə yüksələ bilər. Belə hallarda insanlar vəsaitlərini qorumaq üçün yenə də qızıla üz tutacaq. Amma hazırkı şəraitdə bu ssenari əsas ehtimal hesab edilmir”.

Tunar
NOCOMMENT.az