10:39
“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib. Bu qərar pensiya sistemində toplanmış vəsaitlərin inflyasiyanın təsirindən qorunması və vətəndaşların sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov verib.

Bildirilib ki, indeksləşdirmə təkcə hazırda ödənilən əmək pensiyalarına deyil, eyni zamanda vətəndaşların fərdi hesablarında toplanmış pensiya kapitalına da şamil olunub. Bu mexanizm gələcəkdə pensiya hüququ əldə edəcək şəxslərin yığımlarının real dəyərinin qorunmasına xidmət edir.
Sərəncama uyğun olaraq pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun artırılıb. Dövlət Statistika Komitəsi-nin məlumatına əsasən, 2025-ci ildə ölkədə illik inflyasiya 5,6 faiz təşkil edib. Bu isə o deməkdir ki, vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalı məhz bu göstərici qədər indeksləşdirilib.
Məsələn, əgər bir vətəndaşın fərdi hesabında 40 min manat pensiya kapitalı varsa, 5,6 faizlik artım nəticəsində bu məbləğə 2 min 240 manat əlavə olunur və yekun kapital 42 min 240 manata çatır. Bu artım gələcəkdə hesablanacaq pensiya məbləğinə birbaşa təsir göstərir və vətəndaşın sosial təminat imkanlarını genişləndirir.
İndeksləşdirmənin əsas məqsədi yığılan vəsaitlərin alıcılıq qabiliyyətini qorumaqdır. İnflyasiya şəraitində pulun real dəyəri azalır və əgər pensiya kapitalı artırılmasa, vətəndaşın illərlə topladığı vəsait faktiki olaraq dəyərdən düşür. Mövcud mexanizm isə bu itkilərin minimuma endirilməsinə yönəlib və pensiya yığımlarının real dəyərinin saxlanmasına xidmət edir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirir ki, pensiya kapitalının indeksləşdirilməsi sosial baxımdan mühüm addımdır və uzunmüddətli perspektivdə vətəndaşların rifahına müsbət təsir göstərir:
“İndeksləşdirmə mexanizmi olmasa, insanların illərlə topladığı pensiya kapitalı inflyasiya səbəbindən dəyərdən düşər. Bu zaman vətəndaş pensiya yaşına çatanda real olaraq daha az imkanlara malik olar. Mövcud artım həmin itkilərin qarşısını qismən də olsa alır.”
Ekspertin sözlərinə görə, bu proses xüsusilə gələcək pensiyaçıların maraqlarına xidmət edir:
“Çünki hazırda işləyən və sosial sığorta ödəyən şəxslərin əsas gəlir mənbəyi məhz fərdi hesablarında yığılan kapitaldır. Bu kapital nə qədər stabil qorunarsa, gələcək pensiya da bir o qədər yüksək olur.
Əkrəm Həsənov hesab edir ki, indeksləşdirmə həm də sosial ədalət baxımından vacib mexanizmdir:
“İnflyasiya ən çox sabit gəlirli və yaşlı insanlara təsir edir. Pensiya sistemi bu riskləri kompensasiya etməlidir. Dövlətin bu istiqamətdə addım atması müsbət haldır. Amma gələcəkdə təkcə inflyasiyanı kompensasiya etmək yox, real rifah artımına nail olmaq da əsas hədəf olmalıdır.”
Onun fikrincə, pensiya kapitalının artımı əməkhaqlarının dinamikası ilə paralel getməzsə, uzunmüddətli dövrdə sistemin effektivliyi zəifləyə bilər:
“Buna görə də indeksləşdirmə ilə yanaşı, məşğulluğun artırılması, əməkhaqlarının yüksəldilməsi və sosial sığorta bazasının genişləndirilməsi də vacibdir.
Pensiya kapitalının indeksləşdirilməsi həm mövcud, həm də gələcək pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm addımdır. Bu mexanizm vətəndaşların illərlə topladığı vəsaitin inflyasiya nəticəsində dəyər itirməsinin qarşısını alır və onların maliyyə təhlükəsizliyini qismən də olsa təmin edir. Hazırkı qərar göstərir ki, dövlət pensiya sistemində yığımların qorunmasına xüsusi diqqət yetirir və sosial siyasəti mövcud iqtisadi şəraitə uyğunlaşdırmağa çalışır. Bununla belə, uzunmüddətli perspektivdə pensiya təminatının daha da gücləndirilməsi üçün indeksləşdirmə ilə yanaşı, daha geniş struktur islahatlarının aparılması da zəruridir. Bu halda pensiya sistemi həm dayanıqlı, həm də vətəndaşlar üçün daha etibarlı olacaq”.
Tunar
NOCOMMENT.az













