Azərbaycanın audiovizual məkanında başlanan “mənəvi təmizlik” hərəkatı, təəssüf ki, ilk addımlarındaca ikili standartların və qeyri-şəffaf qərarların qurbanına çevrildi. Audiovizual Şuranın bir neçə tanınmış aparıcını efirdən uzaqlaşdırması cəmiyyətdə müsbət bir canlanma yaratsa da, Lalə Azərtaşın “Təsir dairəsi”nin bu “qara siyahıdan” kənarda qalması, islahatların səmimiliyini ciddi şəkildə şübhə altına qoyur.
Nə üçün mənəviyyatı qorumaq missiyası Xəzər TV-nin qapısında dayanır? Əgər Xoşqədəm Hidayətqızı və ya Zaur Baxşəliyev mənəvi dəyərlərə zidd olduqları üçün cəzalandırılıblarsa, bəs Lalə Azərtaşın hər gün efirdə sərgilədiyi “insan faciəsi şousu” hansı milli koda xidmət edir? Bu sualın cavabı nə Audiovizual Şuranın qərarlarında, nə də kanalın rəsmi siyasətində öz əksini tapmır.
Biz bu verilişdə nəyi görürük? “Təsir dairəsi” illərdir ki, insanların ən yaralı, ən gizli və ən ağrılı məqamlarını bir reytinq materialı kimi bazarın mərkəzinə çıxarır. Bir uşağın atasının kimliyini tapmaq adı altında, halal ərinin yanında oturan qadının bətnindəki körpənin mənşəyini müzakirə etmək hansı mənəviyyatın göstəricisidir? Bu, sadəcə bir sosial məsələnin həlli deyil, bu, Azərbaycan ailə modelinin təməl sütunlarını efirdən balta ilə vurmaqdır.
Əgər bir ölkənin televiziyasında mənəviyyatdan danışılırsa, orada ailə dramı sirk tamaşasına çevrilməməlidir. “Təhsil”i və tərbiyəni ailə daxilində deyil, efir vasitəsilə DNT analizlərində axtaran bir cəmiyyət yetişdirmək ən böyük strateji səhvdir. Digər proqramların bağlanma səbəbi kimi göstərilən etik normaların pozulması faktı, Azərtaşın studiyasında hər gün “adiləşmiş reallıq” kimi yaşanır. Ortaya belə bir sual çıxır: Azərtaşda yaranan bu DNT analizi marağı haradan qaynaqlanır?
Xüsusilə sosial şəbəkələrdə qarşımıza çıxan o dəhşətli səhnələr – anaların kameralar qarşısında özünü vəhşicəsinə döyməsi, üz-gözünü yırtması, bağırtıların studiyanın divarlarını aşması – bu, mənəviyyat deyil, bu, kütləvi psixozun təbliğidir. Bağlanmış o biri verilişlərdə belə bu dərəcədə qatı aqressiya və özünəqəsd elementləri yox idi. Amma “Təsir dairəsi”ndə bu proses sanki bir ritualdır: əvvəlcə insanın özünə fiziki zərər yetirməsinə, fəryad qoparmasına tam şərait yaradılır, reytinq əyriləri yuxarı qalxdıqca isə aparıcı saxta bir “mərhəmət” maskası taxaraq prosesə müdaxilə edir. Biz niyə bu qədər bağırtıya, bu qədər qışqırığa və insanın daxili dünyasının bu qədər eybəcər şəkildə nümayişinə aşiq edilmişik? Çünki bizə illərdir təqdim olunan “mənəvi qida” məhz budur. Biz başqasının evinin içinə, mətbəxinə və yatağına baxmağa elə proqramlaşdırılmışıq ki, həqiqi mənəviyyatın sükutunu və ləyaqətini çoxdan unutmuşuq.
Audiovizual Şuranın “seçməli ədaləti” cəmiyyətdə belə bir rəy formalaşdırır ki, əgər arxanda güclü bir “himayədar” və ya kanal rəhbərliyi varsa, sən milli-mənəvi dəyərləri istənilən formada ayaqlar altına ata bilərsən. Əks halda, Lalə Azərtaşın verilişinin hələ də efirdə qalmasının başqa heç bir məntiqi izahı yoxdur.
Bu veriliş mənəviyyata xidmət etmir, əksinə, cəmiyyətdəki mənəvi aşınmanı “legitimləşdirir”. İnsanların çarəsizliyini, cahilliyini və faciəsini reklam fasilələri ilə bölmək jurnalistika etikasına sığmır. Əgər dövlət televiziya məkanını təmizləməkdə qərarlıdırsa, bu təmizlik yalnız müəyyən şəxsləri hədəf almamalıdır. Biz “Təsir dairəsi”nin mənfi təsirindən xilas olmayınca, digər verilişlərin bağlanması sadəcə efir vaxtının bir əldən başqa ələ keçməsindən başqa bir şey olmayacaq. Həqiqi mənəviyyat efirdəki qışqırıqlarda yox, ləyaqətli və tərbiyəvi proqramların cəmiyyətə aşıladığı dəyərlərdədir. Azərtaşın təqdim etdiyi “dairə” isə bizi sadəcə bataqlığın mərkəzinə doğru sürükləyir.
Əli Səfərli,
NOCOMMENT.az










