İcbari tibbi sığortanın Xidmətlər Zərfində edilən son dəyişikliklər həbs edilmiş və azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin tibbi təminatı ilə bağlı yeni hüquqi mexanizmlər müəyyənləşdirib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu kateqoriyadan olan şəxslərə tibbi xidmətlərin göstərilməsi konkret şərtlər çərçivəsində həyata keçiriləcək.
Dəyişikliyə görə, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum edilmiş və ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər o halda icbari tibbi sığorta çərçivəsində təmin olunacaq ki, müvafiq xidmətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və ya ixtisaslı mütəxəssis mövcud olmasın. Eyni zamanda, bir büdcə ili ərzində bu kateqoriyadan olan 1500 nəfərdən çox şəxsə xidmət göstərilməsi nəzərdə tutulmur və icbari tibbi sığorta fondu hesabına ediləcək ödənişlərin illik məbləği 200 min manatı keçməməlidir. Tibbi xidmət göstərilərkən təhlükəsizlik tədbirləri Ədliyyə Nazirliyi tərəfindən təmin ediləcək.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, qəbul edilən qərar həm insan hüquqları, həm də dövlətin sosial öhdəlikləri baxımından mühüm hüquqi addımdır.

Onun sözlərinə görə, azadlıqdan məhrum edilmiş şəxslər cəza çəksələr də, onların sağlamlıq hüququ məhdudlaşdırıla bilməz:
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin sağlamlığının qorunması hüququ var. Azadlıqdan məhrumetmə yalnız hərəkət azadlığının məhdudlaşdırılmasıdır. Bu, şəxsin tibbi yardım almaq hüququnun aradan qaldırılması demək deyil. Dövlət penitensiar sistemdə olan şəxslərin də sağlamlıq hüququnu təmin etməlidir. Qərarda konkret limitlərin – həm 1500 nəfərlik say məhdudiyyətinin, həm də 200 min manatlıq maliyyə çərçivəsinin müəyyən edilməsi dövlət vəsaitlərinin planlı şəkildə xərclənməsinə xidmət edir. Bu, nəzarətsiz və qeyri-məhdud maliyyə axınının qarşısını alır”.
Natiq Ələsgərovun fikrincə, tibbi xidmətin yalnız o halda icbari tibbi sığorta çərçivəsində göstərilməsi ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində lazımi imkanlar mövcud olmasın, səlahiyyət bölgüsünü dəqiqləşdirir:
“Bu, paralel sistemin yaranmasının qarşısını alır. Əsas məsuliyyət yenə penitensiar tibb xidmətinin üzərində qalır. İcbari tibbi sığorta isə əlavə təminat mexanizmi kimi çıxış edir”.
Hüquqşünas əlavə edib ki, təhlükəsizlik tədbirlərinin Ədliyyə Nazirliyi tərəfindən təmin olunması hüquqi baxımdan vacibdir və ictimai təhlükəsizlik maraqlarını qoruyur:
“Azadlıqdan məhrum olunmuş şəxslərin mülki tibb müəssisələrinə aparılması xüsusi təhlükəsizlik tədbirləri tələb edir. Bu məsuliyyətin aydın şəkildə müəyyənləşdirilməsi gələcəkdə hüquqi mübahisələrin və mümkün insidentlərin qarşısını alır”. Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Məhkəməsinin presedentlərinə əsasən, məhbuslara adekvat tibbi yardım göstərilməməsi insan hüquqlarının pozuntusu hesab olunur. Azərbaycan bu istiqamətdə hüquqi çərçivəni daha da konkretləşdirərək riskləri azaldır”.
Hüquqşünas hesab edir ki, qərarın praktik icrası zamanı şəffaflıq və düzgün monitorinq mexanizmləri mühüm rol oynayacaq:
“Əsas məsələ tətbiq mexanizmidir. Kimlərin bu hüquqdan yararlandığı, vəsaitlərin necə xərcləndiyi və tibbi xidmətlərin keyfiyyəti nəzarətdə saxlanılmalıdır. Əks halda normativ baza olsa belə, effektivlik təmin olunmaya bilər”.
Tunar
NOCOMMENT.az













