“Bu gün dünyada baş verənləri nəzərə alsaq, artıq müxtəlif ölkələrdəki cəmiyyətlərin qaçqınlar, kölgəli biznes və repressiv dövlətlərlə diplomatik sövdələşmələr kimi insanların taleyinə təsir edən məsələlərlə necə mübarizə apardığını araşdırmaq üçün münasib vaxtdır”.
Bu sözləri NOCOMMENT.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, mövcud sistemi tənqid etmək və boşluqları müəyyənləşdirmək baxımından İkinci Dünya Müharibəsinə yenidən nəzər salınır:
“Həmin dövr haqqında geniş yayılmış faktlar arasında İsveçrənin neytrallıq mövqeyi xüsusilə məşhurdur. Son illərdə bu mövqe daha dərindən təhlil edilir və bir çoxları İsveçrəni həmin illərdə dünyanın işlərinə ən yaxşı halda laqeyd qalmaqda, ən pis halda isə Nasist Almaniyası ilə əməkdaşlıqda ittiham edirlər”.

Onun sözlərinə görə, İsveçrənin korrupsiyaya qarşı mübarizə təşkilatının nümayəndəsi Mark Pietin müəllifi olduğu “Qızıl yuyulması – qızıl ticarətinin çirkli sirləri və necə təmizlənməli” kitabı qızıl sənayesindəki əsas oyunçulara, genişmiqyaslı və sənətkarlığa bağlı risklərə, həmçinin beynəlxalq qaydaların və sertifikatlaşdırma mexanizmlərinin çatışmazlıqlarına işıq salır:
“”Swiss National Bank” Almaniya ilə iri həcmli qızıl əməliyyatları aparmışdı və sonradan bu qızılın mühüm hissəsinin işğal olunmuş Avropa ölkələrindən, qismən də Holokost qurbanlarından talan edildiyi sübuta yetirildi. Bu, Alp dağları ölkəsinin qlobal qızıl ticarətində dominantlıq əldə etməsinin tarixidir. Avropanın böyük hissəsini işğal edən, milyonlarla insanı təqib edən və öldürən bir rejimə qarşı İsveçrənin münasibəti fərqli idi. İsveçrə yaranmış fürsətdən istifadə edirdi: ya nasistlərə rəğbət bəsləyirdi, ya da müharibə şəraitindən ‘yaxşı qazanc’ əldə etməyə çalışırdı. İsveçrəlilər demokratiya və insanlığa qarşı bu cür laqeydlik göstərən açıq diktatura ilə necə davranacaqlarına qərar verməli idilər.”
Şəbnəm Həsənova əlavə edib ki, həmin dövrdə İsveçrə hakimiyyəti bütün qaçqınları qəbul etməmək qərarına gəldi:
“1942-ci ilin iyulunda Almaniyanın kütləvi deportasiyalarından xəbərdar olmasına baxmayaraq, İsveçrə sərhədlərini yəhudi qaçqınlar üçün bağladı. 1939-cu ildə yəhudilərin bəzi bölgələrə girişinə icazə verilmirdi. Məsələn, xaricdəki Nasist Partiyasına İsveçrədə tədbir keçirməyə icazə verildiyi halda, Kommunist Partiyasına heç vaxt icazə verilmirdi. Kommunist Partiyası və Cəbhəçilər qanunsuz elan edilərkən, Milli Sosialist Alman İşçi Partiyasının fəaliyyəti üçün şərait mövcud idi.
Avropanın ən böyük maliyyə və kredit nəhənglərindən birinin tozlu arxivlərindən İkinci Dünya Müharibəsinin qaranlıq sirləri üzə çıxıb. İsveçrə bankirləri təkcə nasistləri himayə etməklə kifayətlənməmiş, həm də uzun illər Latın Amerikasına qaçan nasist cinayətkarlarını dəstəkləmişdilər.
İsveçrənin neytrallığı və nasist qızılı mövzusu göstərir ki, bu, ölkənin tarixində xoş xatırlanmayan qaranlıq bir fəsildir. İsveçrə nasistlərə cinayətkar gəlirlərini gizlətməyə və ədalətdən yayınmağa imkan verən əlaqələr qurmuşdu.
Bu əməliyyatlar Nasist Almaniyasına sərt valyutaya çıxış imkanı yaratmış, onun sənaye və hərbi potensialının qorunmasına və iqtisadi dayanıqlığının daha uzun müddət saxlanmasına kömək etmişdi”.
Atilla Rzasoy













