Son zamanlar ölkənin bir sıra ali təhsil müəssisələrinin, o cümlədən ADU, BDU, DİA, MAA, ATU, ƏSMA və BSU tələbələrinin sosial şəbəkələr üzərindən şantaj və təhdid halları ilə üzləşdiyi bildirilir. Süni intellekt texnologiyalarından istifadə etməklə tələbələrin fotoları montaj edilir, saxta “deepfake” xarakterli görüntülər hazırlanır və onların yayılması ilə hədələnərək pul tələb olunur.
Məsələ ilə bağlı Nocomment-ə açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, bu cür əməllər həm cinayət, həm də mülki məsuliyyət yaradır.
Onun sözlərinə görə, süni intellekt vasitəsilə foto və videoların manipulyasiyası şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilir:
“Bu əməl şəxsi həyatın toxunulmazlığını pozur və şərəf, ləyaqət və ya işgüzar nüfuzun ləkələnməsi kimi dəyərləndirilə bilər. Əgər təhrif edilmiş materiallar yalan məlumatların yayılmasına, alçaldıcı məzmunun paylaşılmasına və ya şəxsi sirrin açıqlanmasına səbəb olursa, bu zaman Cinayət Məcəlləsinin 156-cı maddəsi – şəxsi və ailə həyatının sirrinin pozulması tətbiq edilir.”
Vəkil qeyd edib ki, həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, o cümlədən foto, video və səs yazılarının qanunsuz toplanılması və yayılması 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırılır.
Eyni zamanda, internetdə saxta profillər vasitəsilə böhtan və ya təhqir hallarında Cinayət Məcəlləsinin 148-1-ci maddəsi də tətbiq edilə bilər. Bu maddəyə əsasən, saxta istifadəçi adları və profillərdən istifadə etməklə kütləvi nümayiş etdirmə yolu ilə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Esmira Rzayevanın sözlərinə görə, materialların silinməsi müqabilində pul tələb olunması isə açıq şəkildə şantaj sayılır və Cinayət Məcəlləsinin 182-ci maddəsi – hədə-qorxu ilə tələb etmə ilə tənzimlənir:
“Hədə-qorxu ilə tələb etmə, yəni şəxsin və ya onun yaxınlarının barəsində rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlak və ya pul tələb edilməsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Deepfake materiallarla edilən şantaj bu maddənin tərkibinə tam uyğundur.”
Vəkil əlavə edib ki, zərərçəkmiş şəxslər cinayət məsuliyyəti ilə yanaşı, Mülki Məcəlləyə əsasən məhkəməyə müraciət edərək mənəvi zərərin – stres, psixoloji sarsıntı və reputasiya itkisinə görə kompensasiya tələb edə bilərlər.
Bundan başqa, “Media haqqında” Qanun sosial mediada yayılan belə materiallarla bağlı təkzib, düzəliş və ya üzr tələb etmək hüququ da verir.
Esmira Rzayeva vurğulayıb ki, kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma və digər hüquqazidd əməllər “Kibercinayətkarlıq haqqında Konvensiya” çərçivəsində də cinayət məsuliyyəti yaradır və deepfake texnologiyalarından sui-istifadə halları bu kontekstdə ayrıca qiymətləndirilə bilər.
Hüquqşünas vətəndaşlara belə hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi və sübutların (yazışmalar, linklər, ekran görüntüləri və s.) saxlanılmasını tövsiyə edib.
Tunar
NOCOMMENT.az













