İsrail Müdafiə Qüvvələri (ÇAXAL) genişmiqyaslı hava əməliyyatları barədə məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, İranda onlarla böyük dalğa zərbələri ilə Təbriz və digər rayonlarda İran rejiminə məxsus obyektlər hədəf alınıb.
Bunlar arasında yerüstü və yeraltı raket anbarları, rejim rəhbərliyi kompleksinin altında yerləşən və Ali Xameneiyə aid yeraltı bunker, Əlborz əyalətindəki Xüsusi Qüvvələr qərargahı, “Bəsic” qüvvələrinə və daxili təhlükəsizlik qüvvələrinə məxsus bazalar var. Onlarla ballistik raket buraxılış qurğusu məhv edilib, İran rejiminin çoxsaylı əsgəri zərərsizləşdirilib. Bundan əlavə, “Qüds” qüvvələrinə məxsus və “Hizbullah”a silah daşımaq üçün istifadə olunan 16 təyyarə vurulub.
İsrail Hərbi Hava Qüvvələri Livanda da onlarla genişmiqyaslı zərbə dalğası həyata keçirib. Beyrut və digər rayonlarda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri qərargahı, “Hizbullah”ın digər bölmələrinin qərargahları, cənubi Livandakı raket buraxılış qurğuları və silah anbarları, Bəkaa vadisindəki hərbi obyektlər hədəfə alınıb.
Beyrutda “Hizbullah” komandirləri, həmçinin Tripolidə “Həmas”ın bir komandiri zərərsizləşdirilib.













