“Səhiyyə sistemində idarəetmə prinsiplərinin pozulması, peşəkar kadrların kütləvi şəkildə uzaqlaşdırılması və TƏBİB-in daxili siyasəti ictimaiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə yeni rəhbərliyin “öz komandamla gəlirəm” prinsipi ilə tanınmış mütəxəssisləri əvəzləməsi dövlət idarəçiliyi və kadr potensialının qorunması baxımından kəskin tənqidlərlə qarşılanır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi ekspert, polkovnik Üzeyir Cəfərov danışıb.
Onun sözlərinə görə, TƏBİB-in hazırkı rəhbərliyinin fəaliyyət metodu peşəkarlıqdan uzaqdır: “Mən hesab eləyirəm ki, Anar Bayramovun hərəkətləri ‘Çapayev hərəkətləri’dir. Çapayev üslubu yanlış üslubdur. Vasili İvanoviç Çapayev heç nədən başı çıxmırdı, amma hamısından özünü ağıllı göstərirdi. Mən qətiyyən demək istəmirəm ki, Anar Bayramov kimdənsə savadsızdır, amma onun yanaşması kökündən yanlışdır. Bu özəlləşdirilmiş hansısa bir təşkilat deyil, dövlət idarəsidir. Bu özü də çox həssas bir qurumdur”.
Polkovnik qeyd edib ki, qurum daxilindəki kütləvi kadr dəyişiklikləri idarəçilik məntiqinə sığmır: “Bir ay bir işləyin, baxın görün insan işinin öhdəsindən gəlir ya yox? ‘Mən gəlmişəm, öz komandamla gəlirəm’ nə deməkdir? Elə mən gəldim, burda mənəm ‘Bağdadda kor xəlifə’… Bu günləri kütləvi şəkildə bu proses kənardan çox eybəcər görünür. Belə çıxır ki, indiyə qədər bütün xəstəxanaların rəhbərləri yaramaz imiş, əliəyri imiş və Azərbaycanı böyür üstə aparırmışlar. İndi Anar Bayramov gəlib bütün işləri bir əmrlə düzəldəcək?”.
Üzeyir Cəfərovun fikrincə, bu cür yanaşma mütəxəssislərə qarşı hörmətsizlikdir: “Sən kresloda otura bilərsən, amma Azərbaycan miqyasında düşünməlisən. Bir kollektivin rəhbərini dəyişirsənsə, ora qoyduğun adam da sənə baxıb dost-tanışını yığmağa başlayacaq və işləməyə vaxt qalmayacaq. Bu gün TƏBİB-də ‘onu çıxartdılar, bunu çıxartdılar’ xəbərləri şıdırğı gedir. Onsuz da səhiyyəmiz axsayır, mən Azərbaycanda yaşayan bir insan kimi hər şeyi görürəm. Yeni Klinikanın, Mirqasımov, Topçubaşov, Cavadzadə adına xəstəxanaların mütəxəssis rəhbərlərini çıxarmısınız. Mən bunu özüm üçün təhqir sayıram və o peşəkar həkimlərin səssizcə getməsinə təəccüblənirəm”.
Ekspert sonda vurğulayıb ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ağır nəticələrə yol aça bilər: “Ölkə başçısı kiməsə etimad verib vəzifəyə qoyursa, bu, hər şeyi dağıtmaq icazəsi deyil. Nəsiminin keçmiş icra başçısını xatırlayın; prezident etimad verdi, amma 40 gün keçmədi ki, əməllərinə görə onu vəzifədən uzaqlaşdırdı. Çünki biz Bakıda yaşayırıq, kimin nə etdiyini, hansı bağa girdiyini, nə alıb-verdiyini hamımız görürük”.//”Tv Musavat”









