Azərbaycanda televiziya sahəsində rəhbər vəzifəyə yüksələn qadınlardan biri də Dilarə Səlimdir.
NOCOMMENT.az xatırladır ki, o, 2024-cü ilin yanvar ayında Mədəniyyət Televiziyasına direktor təyin olunub.
1968-ci il avqustun 15-də Bakı şəhərində anadan olan Dilarə Səlim Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. O, 1990-cı ildən AzTVdə fəaliyyətə başlayaraq uzun illər televiziya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Karyerası ərzində “Televiza”, “Kinofakt” və “Səhər” kimi verilişlərdə müəllif və aparıcı olub. 1994-cü ildə Mir Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan nümayəndəliyində şərhçi kimi fəaliyyət göstərib. 1997-ci ildə Almaniyada Gustav Ştrezeman Universitetində televiziya jurnalistikası üzrə ixtisasartırma kursları keçib.
2000-ci ildə “ABA” televiziyasında yayımlanan “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub. Daha sonra “İnternyus” televiziya şirkətinin Azərbaycan nümayəndəliyində prodüser və aparıcı kimi çalışaraq “Media və Mən” proqramını hazırlayıb.
2007-ci ildən yenidən AzTV-də fəaliyyətini davam etdirən Dilarə Səlim “Səhər” proqramında müəllif-aparıcı, “Xəbərlər” buraxılışında aparıcı kimi çıxış edib. Eyni zamanda “Səadət” qadın proqramının müəllifi olub. 2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru və “Görüş yeri” verilişinin müəllif-aparıcısı kimi çalışıb.
Uzun illər televiziya sahəsində qazandığı təcrübə nəticəsində 2024-cü ildə Mədəniyyət Televiziyasına direktor təyin olunması onun media sahəsindəki fəaliyyətinin mühüm mərhələsi hesab olunur.
Nərmin
NOCOMMENT.az









