Türkiyənin Şanlıurfa vilayətində təhsil müəssisələrindən birində qanlı faciənin astanasından dönülüb. Siverek rayonunda fəaliyyət göstərən Dumlupınar Orta Məktəbində baş vermiş hadisə həm təhsil camiəsini, həm də yerli sakinləri ciddi təşvişə salıb.
NOCOMMENT.az xəbər verir ki, özünü şagird valideyni kimi təqdim edən bir şəxs məktəb binasına daxil olaraq pedaqoqlardan birinə qarşı soyuq silahla hücum etməyə cəhd göstərib. Şanlıurfa valisi Həsən Şıldakın verdiyi rəsmi məlumata görə, hadisə zamanı təhsil ocağında növbətçi olan polis əməkdaşlarının peşəkar və çevik müdaxiləsi mümkün xəsarətlərin və ağır sonluğun qarşısını alıb. Əlindəki bıçaqla müəllimə doğru həmlə edən şübhəli şəxs asayiş keşikçiləri tərəfindən dərhal zərərsizləşdirilərək saxlanılıb və ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
İnsident nəticəsində xoşbəxtlikdən heç kimin xəsarət almadığı, lakin məktəbdə qısa müddətli panikanın yaşandığı bildirilir. İlk araşdırmalar zamanı məlum olub ki, hücumçu şəxs məktəbə daxil olarkən şübhəli davranışlar sərgiləyib və bu, polis əməkdaşlarının diqqətindən qaçmayıb. Vali Həsən Şıldak vəziyyətin tam nəzarət altında olduğunu vurğulayaraq, müəllimlərin və şagirdlərin təhlükəsizliyinin dövlətin prioritet məsələsi olduğunu qeyd edib. Hazırda hüquq-mühafizə orqanları hücumun hansı zəmində baş verdiyini, həmin şəxsin həqiqətən valideyn olub-olmadığını və hadisənin pərdəarxası məqamlarını dərindən araşdırır.
Sara,
NOCOMMENT.az
.jpg)










