“Təbii” adı ilə satışa təqdim olunan qidalar hər zaman sağlam olmur. Mütəxəsislərin sözlərinə görə, əsas amil qidanın istehsal və saxlanma şəraitidir.
NOCOMMENT.az bildirir ki, açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənar olur. Bu isə istehsal və paylanma prosesində qeyri-müəyyənlik yaradır və xüsusilə mikrobioloji riskləri artırır.
Bildirilir ki, qidaların istilik emalı və ya fermentasiya kimi üsullarla işlənməsi onların daha təhlükəsiz olmasına kömək edir. Açıqda satılan ədviyyatlar və çiy süd məhsullarında isə xüsusilə mikotoksin və aflatoksin kimi zərərli maddələrin yaranma riski yüksəkdir. Bu səbəbdən qablaşdırılmış məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Məlumata görə, qida mənşəli risklər bəzən dərhal deyil, zamanla orqanizmdə toplanaraq özünü göstərir və uzun müddətdə zəhərlənmə, hətta xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər.
Qidaların hazırlanma üsullarının da vacib olduğunu diqqətə çatdırılıb. Xüsusilə manqal zamanı ətin yüksək istilik və tüstüyə məruz qalması nəticəsində zərərli maddələr (PAH) əmələ gələ bilər ki, bu da sağlamlıq üçün risklidir.
Bildirilib ki, barkod sistemi vasitəsilə məhsulun mənşəyini və istehsal prosesini izləmək mümkündür. İstehlakçılara isə qablaşdırması zədələnmiş, şişmiş və ya şübhəli görünən məhsullardan uzaq durmaq tövsiyə olunur.
Gülər













