Azərbaycan parlamentində bu gün qəbul edilən yeni qanunvericilik dəyişiklikləri dövlət vəsaitlərinin idarə olunmasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə yeni, daha sərt mərhələnin başlandığını bəyan edir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən təqdim edilən Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi, dövlətə məxsus hüquqi şəxslərin vəsaitlərindən təyinatı kənar istifadə edən məmurlar və rəhbər şəxslər üçün ağır maliyyə və cinayət sanksiyaları vəd edir.
Yeni dəyişikliyə əsasən, artıq təkcə birbaşa büdcə vəsaitləri deyil, həm də dövlətə məxsus müəssisələrin və qurumların sərəncamındakı bütün maliyyə resursları qanunun sərt nəzarətinə keçir. Əvvəllər bu növ cinayətlərə görə cərimələr sabit aralıqda (9-13 min manat) müəyyən edildiyi halda, indi cərimənin məbləği birbaşa olaraq mənimsənilən və ya təyinatı üzrə xərclənməyən vəsaitin düz 100 faizi miqdarında hesablanacaq.
Bu isə o deməkdir ki, milyonlarla vəsaiti yanlış istiqamətə yönəldən şəxs, vurduğu ziyan qədər dövlətə əlavə cərimə ödəmək məcburiyyətində qalacaq. Bundan əlavə, külli miqdarda törədilən qanunsuzluqlara görə 3 ilədək azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da qüvvəyə minir ki, bu da cəzanın qaçılmazlığı prinsipini gücləndirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, qanunvericilikdəki bu yenilik dövlət büdcəsinin qorunması mexanizmini kökündən dəyişir və məmurlar üçün “maliyyə intizamı” anlayışını daha real qorxu elementinə çevirir: “Əvvəlki sabit cərimələr iri maliyyə cinayətləri zamanı simvolik xarakter daşıyırdı, lakin indi cərimənin 100 faiz müəyyən edilməsi ‘nə qədər ziyan vurmusansa, o qədər də artıq ödəyəcəksən’ prinsipini gətirir ki, bu da dövlət əmlakına əl uzadanlar üçün ciddi çəkindirici amildir”.
Onun sözlərinə görə, cinayətin predmetinin dairəsinin genişləndirilməsi dövlət şirkətlərindəki daxili maliyyə sızmalarının qarşısını almağa hədəflənib: “Dövlətə məxsus hüquqi şəxslərin vəsaiti çox vaxt nəzarətdən kənarda qalan boşluq kimi istifadə olunurdu, lakin maddənin yeni redaksiyası bu boşluğu tamamilə qapadaraq, hər bir qəpiyin təyinatı üzrə xərclənməsinə hüquqi zəmanət verir”. Hüquqşünas bildirib ki, qanundakı humanist yanaşma – yəni ziyanın tam ödənildiyi təqdirdə şəxsin məsuliyyətdən azad olunması – dövlət büdcəsinə dəyən zərərin operativ şəkildə bərpasına xidmət edir: “Bu dəyişikliklə dövlətin əsas prioriteti şəxsi həbs etməkdən daha çox, itirilmiş vəsaitin dövlət xəzinəsinə qaytarılmasını təmin etməkdir, çünki ziyanın 100 faiz ödənilməsi cinayətin iqtisadi motivini sıfıra endirir”.
Tunar,
NOCOMMENT.az









