İran tərəfi ABŞ Prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı bəyanatına kəskin reaksiya verərək, Vaşinqtondan heç bir xahiş etmədiyini bildirib.
Tehranın rəsmi mövqeyini işıqlandıran “Tasnim” xəbər agentliyi məlumatlı mənbələrə istinadən qeyd edir ki, Trampın bu addımı əslində ABŞ-ın hərbi ssenarilərinin iflasa uğramasının etirafıdır. Analitiklərin fikrincə, Ağ Ev rəhbəri müharibənin ABŞ üçün heç bir nəticə verməyəcəyini anladığı üçün diplomatik manevrlərə əl atır.
NOCOMMENT.az xəbər verir ki, İran rəsmiləri bu bəyanatın arxasında ABŞ və ya İsrail tərəfindən həyata keçirilə biləcək “nöqtə zərbələri” və ya sui-qəsd cəhdlərinin dayandığını ehtimal edirlər. Tehran Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ birtərəfli qaydada müharibədən çıxıb İsraili meydanda tək qoya bilməyəcək; belə bir vəziyyətdə hər iki tərəf birbaşa hədəf olacaq.
Eyni zamanda, İranın dəniz limanlarının blokadası davam etdiyi müddətcə Hörmüz boğazının açılmayacağı qəti şəkildə vurğulanıb. Tehran bəyan edib ki, əgər blokada dinc yolla aradan qaldırılmazsa, İran onu yarmaq üçün hərbi gücdən istifadə edəcək. Hazırkı vəziyyət əvvəlki münaqişələrdən köklü şəkildə fərqlənir, çünki artıq Hörmüz boğazı üzərində real nəzarət İranın əlindədir və Tehran bu “kozır”dan iqtisadi-siyasi təzyiqlərə qarşı sonuna qədər istifadə etmək niyyətindədir.
Sara,
NOCOMMENT.az









