“ABŞ və İran arasında ikinci raund danışıqları başlamamış razılaşmalar əldə edilir. Təbii ki, Vaşinqtonun İrana iqtisadi və hərbi təzyiqləri İranı geri addım atmağa sövq edir.”
Bunu NOCOMMENT.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, xüsusilə, ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə blokada tətbiq etməsi öz müsbət nəticələrini verdi: “Artıq İran Hörmüz boğazının açıq olduğunu və heç bir rüsum tələb olunmadığını elan etdi. Təbii ki, rəsmi Tehran bunu Livanda Hizbullaha qarşı İsrailin atəşkəsi ilə bağladı, lakin Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar artıq qüvvədədir.”
Əsədullazadə qeyd edib ki İran nüvə zənginləşdirməsini dayandırır və ABŞ-la razılaşma əldə edib. ABŞ prezidentinin dediklərindən belə qənaətə gəlmək olur ki, İran ABŞ şərtlərini qəbul edir: “Bunun müqabilində sanksiyaların aradan qaldırılması və dondurulmuş aktivlərin qaytarılması fonunda uzunmüddətli bir Çərçivə sazişinin bağlanması mümkündür. İranın burada qazandığı yalnız rejimin devrilməməsi və ölkə iqtisadiyyatının inkişafı olacaq. Bu prosesdə ABŞ-ın regiondakı mövqeyinə ciddi zərbə dəydi. Başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri artıq Vaşinqtona etimad etməyəcək və əlavə təhlükəsizlik çətiri axtaracaqlar. İsrail isə bu müharibədə qazanmayan tərəfdir; Benyamin Netanyahu növbəti seçkilərdə məğlub olacaq və hətta İsrailin toxunulmazlığını aradan qaldırdığı üçün həbsxanaya göndərilə bilər.”
Məhəmməd Əsədullazadə sonda əlavə edib ki, bundan sonra regionda Türkiyə, Pakistan və Misir ittifaqı qurulacaq, yeni bir siyasi nizam yaranacaq. İran bu gərginlikdə Türkiyə, Azərbaycan və Pakistan kimi dost və etimad ediləsi ölkələrin əhəmiyyətini gördü. İranın siyasi-hərbi rəhbərliyi artıq bu üç ölkə ilə bağlı siyasətində ciddi korrektələr etməlidir.
Tunar,
NOCOMMENT.az










