İtaliya ilə Rusiya arasında diplomatik gərginlik pik həddə çatıb. Rəsmi Roma kremlpərəst teleaparıcı Vladimir Solovyovun İtaliyanın Baş naziri Corca Meloni barəsində səsləndirdiyi təhqiramiz ifadələrə görə Rusiyanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
NOCOMMENT.az xəbər verir ki, İtaliyanın XİN rəhbəri Antonio Tayani “X” sosial şəbəkəsində verdiyi açıqlamada Rusiya dövlət televiziyasında səsləndirilən bu bəyanatları “olduqca ciddi və təhqiramiz” adlandıraraq, qarşı tərəfə rəsmi etiraz notasının təqdim olunduğunu bildirib.
Məlumata görə, Vladimir Solovyov aprelin 16-da yayımlanan qısa videoçarxda qeyri-etik leksikadan istifadə edərək Melonini “xəyanətdə”, xüsusilə də Donald Trampa qarşı sadiq qalmamaqda ittiham edib. Baxmayaraq ki, hadisə bir neçə gün əvvəl baş verib, İtaliya tərəfi məsələyə indi reaksiya verərək bunun dövlətlərarası münasibətlərə və diplomatik etikaya sığmadığını kəskin şəkildə vurğulayıb.
Sara,
NOCOMMENT.az









