Bakı metrosunda növbəti dəfə baş verən texniki nasazlıq artıq sadəcə bir nəqliyyat problemi deyil, sistemli fəaliyyətsizliyin, vətəndaşa qarşı nümayiş etdirilən saymazyanalığın və idarəetmə iflicinin növbəti təzahürüdür. Hər dəfə qiymət artımı olanda “xidmət keyfiyyəti yüksələcək”, “infrastruktur yenilənəcək” vədləri ilə xalqın cibinə girənlər, bu gün yüzlərlə sərnişini yerin altında oksigen çatışmazlığı və qaranlıqla baş-başa buraxıblar.
İki vətəndaşın xəstəxanalıq olması, insanların saatlarla tunellərdə təşviş içində qalması faktı qarşısında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi hansı üzlə sükutunu qoruyur? Vüsal Aslanovun rəhbərlik etdiyi qurumun bu qədər məsuliyyətsiz və hesabatlılıqdan uzaq olması artıq dözülməz həddə çatıb.
Metropoliten rəisinin media qarşısına çıxıb bir kəlmə izahat verməməsi, insanların canı ilə bağlı yaranmış təhlükəyə reaksiya göstərməməsi həm etik, həm də peşəkar baxımdan rəzalətdir. Strateji obyekt statusu daşıyan, paytaxtın əsas nəqliyyat damarı hesab edilən bir qurumda “enerji kəsintisi” bəhanəsi ilə alternativ enerji mənbələrinin işə düşməməsi sual doğurur: bəs o milyonlarla büdcə və hər dəfə artırılan gedişhaqqı yığımları hara xərclənir?
İldə iki dəfə tarifləri qaldıranlar, sərnişinə təqdim etdikləri “xidmətin” bədəlini ödəyə bilmirlər. Bu gün Bakı metrosu keyfiyyətli nəqliyyat vasitəsi deyil, bədbəxt hadisə poliqonuna çevrilib. İnsanlar tunellərdə boğulanda, qapılar sıradan çıxanda və qatarlar yarı yolda qalanda rəsmi qurumlar yalnız şablon press-relizlərlə kifayətlənirlər.
Görəsən, Vüsal Aslanov və komandası düşünmürmü ki, o qatarların içində olan hər bir fərdin həyatı birbaşa onların məsuliyyətindədir? Vətəndaşın ödənişini qəbul edib, ona xidmət göstərməyib, üstəlik o məbləği geri qaytarmamaq isə sadəcə hüquqi deyil, mənəvi bir soyğundur. Metropoliten rəhbərliyi özünü dövlət içində dövlət kimi aparmamalıdır; onlar xalqa xidmət etmək üçün o kürsülərdədirlər, xalqı yerin altında çarəsiz qoymaq üçün yox.
Hadisənin miqyası sadəcə metro ilə də məhdudlaşmır. Metrodakı nasazlıq bütün şəhərin nəqliyyat sistemini domino effekti ilə çökdürür. Yerüstü nəqliyyatda yaranan biabırçı mənzərə, avtobusların çatışmazlığı və fürsətdən istifadə edib qiyməti “ceyran belinə” qaldıran taksi sürücülərinin özbaşınalığı Bakının nəqliyyat siyasətinin nə qədər kövrək və plansız olduğunu göstərdi. Bir qurumun işindəki nasazlıq digərinin hazırlıqsızlığını ifşa edir. İnsanlar küçələrdə saatlarla avtobus gözləyir, taksi tapmaq üçün sərvət ödəməli olurlar, dövlət qurumları isə sanki heç nə olmamış kimi öz kabinetlərində sükuta qərq olurlar. Bu, sadəcə texniki problem deyil, bu, idarəetmədəki xaosun və sərnişinə “müştəri” deyil, “yük” kimi baxmağın nəticəsidir.
Bu hadisədən sonra heç kimin məsuliyyət daşımaması, heç bir vəzifəli şəxsin istefa verməməsi və ya ən azından üzrxahlıq etməməsi cəmiyyətə qarşı edilən ən böyük təhqirdir. 100-lərlə insanın həyatı tərəzinin bir gözündə, Vüsal Aslanovun sükutu isə digər gözündədir. Əgər bir qurum rəhbəri böhran anında xalqın qarşısına çıxmağa cəsarət etmirsə, deməli, o, həmin vəzifəni icra etməyə layiq deyil. Alternativ enerji mənbələrinin niyə işləmədiyini, sərnişinlərin təhlükəsizliyinin hansı şəkildə qorunduğunu izah etmək əvəzinə qeybə çəkilmək qorxaqlıqdan başqa bir şey deyil. Bakı Metropoliteni bir neçə məmurun şəxsi müəssisəsi deyil, o, xalqın vergiləri və ödənişləri ilə ayaqda duran bir müəssisədir. Artıq boş bəhanələrin, “araşdırılır” kimi mənasız ifadələrin vaxtı keçib. Ötən gün yaşananlar göstərdi ki, metro rəhbərliyi nəinki texniki yenilikləri tətbiq edə bilmir, hətta elementar böhran idarəçiliyindən də bixəbərdir. İnsanların həyatı ilə qumar oynayan bu sistem dərhal dəyişməli, günahkarlar isə yalnız inzibati deyil, həm də hüquqi müstəvidə cavab verməlidirlər. Metro tunellərində boğulan təkcə sərnişinlər deyil, həm də Metropoliten rəhbərliyinin illərdir qurduğu saxta “inkişaf” imicidir. Sükut hər zaman razılıq deyil, bəzən ən böyük günahın və bacarıqsızlığın etirafıdır. Vüsal Aslanovun susması da məhz bu bacarıqsızlığın ən yüksək tonlu fəryadıdır.
Əli Səfərli,
NOCOMMENT.az









