Sosial şəbəkələrdə yayılan yazışmalar daha bir dələduzluq hadisəsini üzə çıxarıb.
NOCOMMENT.az-a daxil olan məlumata görə, vətəndaş tanışı kimi təqdim olunan şəxs tərəfindən aldadılaraq bank kartından pul göndərməyə məcbur edilib.
Yazışmalardan görünür ki, qarşı tərəf əvvəlcə etimad qazanmaq üçün “kartım işləmir”, “sən at, mən bir saata qaytaracam” kimi ifadələrlə müraciət edib. Daha sonra isə vətəndaşdan üçüncü şəxsə pul göndərməsi xahiş olunub. Hətta göndəriləcək məbləğ və valyuta (“dollar olacaq”, “85 atarsan”) belə konkret şəkildə qeyd edilib.
Vətəndaş əvvəlcə tərəddüd etsə də, qarşı tərəfin tələsdirməsi (“bir saatdı ata bilmirsən?”, “gec olar?”) nəticəsində pulu göndərməyə razılaşıb. Yazışmalarda həmçinin kart məlumatlarının silinməsi və yenidən göndərilməsi kimi şübhəli məqamlar da diqqət çəkir.
Hadisə bir daha göstərir ki, son dövrlər həyata keçirilən bunun kimi dələduzluq halları artmaqdadır. Dələduzlar adətən tanışların adından yazaraq etibar qazanır və vətəndaşları təcili qərar verməyə vadar edirlər.
Mütəxəssislər vətəndaşlara tövsiyə edir:
Heç bir halda kart məlumatlarınızı və ya vəsaitinizi tanımadığınız və ya şübhəli şəxslərə ötürməyin;
Sizdən pul istəyən şəxsin kimliyini mütləq başqa vasitə ilə yoxlayın;
Tələsdirən və emosional təzyiq yaradan mesajlara qarşı diqqətli olun;
Şübhəli hallarla rastlaşdıqda dərhal banka və hüquq-mühafizə orqanlarına məlumat verin.










