Dövlət Agentliyində pozuntular: Müqavilələrin 80 faizi…backend

Dövlət Agentliyində pozuntular: Müqavilələrin 80 faizi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilən audit zamanı dövlət əmlakının israfı və layihə icrasında bir sıra qəribə pozuntular üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu faktlar “Dövlət auditi” bülletenində əksini tapıb.

Auditin ən diqqətçəkən nəticələrindən biri keçmiş QHT Şurasının tabeliyində olan və 2021-ci ildə ləğv edilən “QHT Nəşriyyatı” MMC-yə aid əmlakın taleyidir. Belə ki, ilkin balans dəyəri 975,7 min manat olan 13 adda əsas vəsait hal-hazıradək aidiyyəti üzrə təhvil-təslim edilməyib, açıq havada saxlanılaraq tamamilə yararsız hala düşüb. Bununla belə, mühasibat uçotunda qeydiyyatda faktiki mövcudluğu təsdiqlənən bəzi materiallar isə sadəcə akt tərtib edilərək silinib.

QHT-lərə ayrılan qrantların icrasında da maraqlı nüanslar aşkarlanıb. Bəzi hallarda QHT rəhbərləri layihə icrası məqsədilə özləri (fiziki şəxs qismində) ilə müqavilə bağlayıblar. Bundan əlavə, təşkil olunan tədbirlərdəki iştirakçı sayı sənədlərdə şişirdilib, paylanan ləvazimatlar və çap məhsulları üçün adlı siyahılar tərtib olunmayıb. Bəzi icraçılar isə tədbirin keçirildiyi günlərdən qat-qat çox müddətə ezamiyyə yazıb, əlavə xərclərə yol veriblər. Agentliyin dövlət satınalmalarında da ciddi qanun pozuntuları olub; 2024-cü ildə müqavilələrin 80 faizi, xərclərin isə 78,7 faizi müsabiqəsiz (birmənbədən) həyata keçirilib ki, bu da beynəlxalq təcrübədəki məqbul hədlərdən dəfələrlə yüksəkdir.