ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Yaxın Şərqin siyasi strukturlarının real mənzərəsini ortaya qoyan səs-küylü bəyanatla çıxış edib. “Fox News” telekanalına müsahibə verən diplomat regionun sabitliyinin xaricdən gətirilən ideologiyalardan deyil, güclü liderlikdən asılı olduğunu vurğulayıb. O, ABŞ-ın onilliklər boyu yürütdüyü “demokratiya ixracı” siyasətinin gözlənilən nəticəni vermədiyini və bir çox hallarda dövlətlərin iflasına səbəb olduğunu etiraf edib.
NOCOMMENT.az xəbər verir ki, Tom Barrak Yaxın Şərqdə yalnız “güclü idarəçilik rejimlərinin” — istər monarxiya, istərsə də mərkəzləşdirilmiş respublika modellərinin səmərəli işlədiyini bildirib. Səfir bu qənaətə ideoloji mülahizələr əsasında deyil, onilliklər boyu davam edən çətin müşahidələr nəticəsində gəldiyini deyib. O, “ərəb baharı”ndan sonra Qərb tipli demokratiyanın sürətli tətbiqi cəhdlərinin regionu xaosa sürüklədiyini nümunə gətirərək, hazırda Körfəz ölkələri və Türkiyədəki idarəetmə modellərinin uğurlu olduğunu qeyd edib.
Diplomat xüsusilə Rəcəb Tayyib Ərdoğanın mərkəzləşdirilmiş liderliyinin Türkiyəyə sabitlik, iqtisadi dinamizm və güclü regional nüfuz qazandırdığını vurğulayıb. Barrakın sözlərinə görə, belə rejimlərin effektivliyini qəbul etmək ABŞ-ın demokratik dəyərlərdən imtinası deyil, sadəcə insan hüquqları və çiçəklənmənin kök salması üçün vacib olan sabitliyin necə yarandığına dair realist yanaşmadır. Bu açıqlama ABŞ-ın Yaxın Şərq siyasətində ciddi bir “kurs dəyişikliyi” siqnalı kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az









