Xarici ölkələrə avtomobillə yollanan 131 min nəfərin kimliyi məlum olandan sonra bütün suallara nöqtə qoyuldu. Dövlət Statistika Komitəsinin son hesabatında yer alan rəqəmlər quru sərhədlərinin açılması ilə bağlı ümidləri yenidən alovlandırsa da, qurumun izahatı vəziyyəti tamamilə dəyişdi.
NOCOMMENT.az xəbər verir ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xaricə gedənlərin sayı 452,6 min nəfər təşkil edib. Səfər edənlərin 29 faizinin, yəni təxminən 131 min nəfərin dəmir yolu və avtomobil nəqliyyatından istifadə etməsi ictimaiyyətdə ciddi suallar doğurub. Quru sərhədlərinin bağlı qaldığı bir vaxtda bu qədər insanın ölkəni necə tərk etdiyi maraq mövzusuna çevrilib.
Məsələ ilə bağlı globalinfo.az rəsmi mövqe öyrənib. Məlum olub ki, bu göstəricilər kütləvi gediş-gəlişi deyil, xüsusi təyinatlı səfərləri əks etdirir. Dövlət Statistika Komitəsi bildirib ki, statistikada qeyd olunan həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və həmin yükləri rəsmi şəkildə müşayiət edən şəxslərdir. Beləliklə, avtomobillə xaricə çıxanların böyük əksəriyyəti beynəlxalq yükdaşımalarla məşğul olan peşəkarlardır.
Yəni, quru sərhədlərinin bağlı olmasına baxmayaraq, xaricə avtomobillə gedənlər kimi təqdim edilən minlərlə şəxs sadəcə yük daşıyan böyük maşınların sürücüləri və onlara kömək edən işçilərdir./Demokrat.az/










