Bir neçə il əvvəl ölkədə keçirilən teatr forumunda Xalq artisti Afaq Bəşirqızı maraqlı təşəbbüslə çıxış edib. O, sənət adamları üçün ayrıca qəbiristanlığın yaradılmasını təklif edib. Bu ideya cəmiyyətdə müəyyən maraq doğursa da, hələlik rəsmi səviyyədə konkret addımlar atılmayıb.
NOCOMMENT.az xəbər verir ki, Afaq Bəşirqızının fikrincə, belə bir məkan həm sənətkarların xatirəsinin qorunması, həm də onları sevən insanların ziyarəti üçün önəmli ola bilər. Bu yanaşma dünyada da geniş yayılıb, bir çox ölkələrdə məşhur incəsənət və mədəniyyət xadimlərinin dəfn olunduğu xüsusi qəbiristanlıqlar var və bu yerlər tez-tez ziyarət olunur.
Mövzu ilə bağlı kinoşünas Şəhli Əmirli hesab edir ki, belə bir təşəbbüs yalnız sənətkarların öz istəyi ilə reallaşa bilər. Onun sözlərinə görə, tamaşaçılar artıq vəfat etmiş aktyorları da unutmur və onların məzarlarını ziyarət edir:
“Sənətkarlar yaratdıqları obrazlarla yaşamağa davam edir və bu, onların həyatını müəyyən mənada ölümdən sonra da davam etdirir”.
Məsələ ilə bağı Mədəniyyət Nazirliyi bildirib ki, hazırda belə bir qəbiristanlığın yaradılması məsələsi gündəlikdə yoxdur. Yəni ideya maraqlı sayılsa da, hələlik praktiki mərhələyə keçməyib.









