İranın siyasi elitasında baş verən son hadisələr və xüsusilə yeni Ali Rəhbər hesab olunan Müctəba Xameneinin taleyi ilə bağlı yayılan görüntülər regionda gərginliyi pik həddə çatdırıb. Məşhəd şəhərindəki xatirə divarında müharibə qurbanları və həlak olmuş dövlət xadimlərinin fotoları arasında Müctəba Xameneinin də şəklinin görünməsi, aylardır davam edən “ölüm” iddialarını yenidən gündəmin bir nömrəli mövzusuna çevirib.
Tehran rəhbərliyinin bu cür həssas bir məqamda sükutunu qoruması və ya yalnız qeyri-müəyyən təkziblərlə kifayətlənməsi beynəlxalq analitiklər tərəfindən daxili böhranın əlaməti kimi qiymətləndirilir. Xüsusilə 2026-cı ilin fevralından bəri ictimaiyyət qarşısına çıxmayan, rəsmi müraciətləri yalnız süni intellekt və ya yazılı mətnlər vasitəsilə yayılan bir liderin fiziki varlığı artıq ciddi şübhə altındadır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Müctəba Xameneinin bu qədər uzun müddət kölgədə qalması və həlak olan şəxslərin siyahısında fotosunun yer alması təsadüfi sayıla bilməz: “Diplomatik kanallardan sızan məlumatlar və xarici kəşfiyyat hesabatları göstərir ki, İran rəhbərliyi hazırda ciddi bir sınaq qarşısındadır. Əgər Ali Lider həqiqətən sağdırsa və ölkəni idarə edə biləcək durumdadırsa, bu qədər ağır spekulyasiyaların qarşısını almaq üçün bir neçə dəqiqəlik canlı görüntü kifayət edərdi. Tehranın bu addımı atmaması Müctəbanın ya koma vəziyyətində olması, ya da artıq fiziki olaraq həyatda olmaması ehtimalını yüzdə doxsan doqquza çatdırır. Bu fotoşəkil isə bəlkə də cəmiyyəti böyük elana hazırlamaq üçün atılan bir sınaq addımıdır”.
Onun sözlərinə görə, Müctəba Xameneinin ölümü və ya tam fəaliyyətsizliyi təsdiqlənərsə, İranda hakimiyyət daxili parçalanma qaçılmaz olacaq: “Hazırda İranda Ali Rəhbər vəzifəsi sadəcə dini bir rütbə deyil, həm də ordu, kəşfiyyat və iqtisadiyyatı bir arada tutan əsas sütundur. Müctəbanın aradan çıxması ilə ‘İnqilab Keşikçiləri Korpusu’ daxilindəki müxtəlif qruplaşmalar arasında açıq hakimiyyət savaşı başlaya bilər. Bu isə həm də küçə etirazlarının yenidən alovlanmasına və rejimin idarəetmə rıçaqlarını itirməsinə gətirib çıxaracaq. Faktiki olaraq, İranda ‘lidersizlik’ dövrü başlaya bilər ki, bu da regional müharibənin gedişatına birbaşa təsir göstərəcək bir amildir”.
Hüseynli vurğulayıb ki, hazırkı vəziyyət İran daxilindəki xaosun xarici müdaxilə və ya daxili çevriliş risklərini də artırır: “Müctəba Xameneinin ölümü rəsmən elan olunarsa, bu, rejimin legitimliyinə vurulan ən ağır zərbə olacaq. Çünki o, həm də atasının varisi və inqilabın davamlılığının simvolu idi. Onun yoxluğu idarəetmə piramidasını çökdürə bilər. İranda belə bir boşluq yarandıqda, mühafizəkarlar və islahatçılar, habelə ordunun müxtəlif qanadları arasında qarşıdurma qaçılmaz olacaq. Bu proses həm də İranın Yaxın Şərqdəki proksi qüvvələrinin koordinasiyasız qalması və zəifləməsi ilə nəticələnəcək. Bir sözlə, Müctəba Xameneinin taleyi həm İranın gələcəyini, həm də regionun yeni xəritəsini müəyyən edəcək əsas faktordur”.
Tunar,
NOCOMMENT.az









