Tuneldə qalan xalq, tenderdə uçan pullar: Vüsal Aslanovun domkrat “islahatı”backend

Tuneldə qalan xalq, tenderdə uçan pullar: Vüsal Aslanovun domkrat “islahatı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosu son günlərdə şəhərin nəqliyyat damarı deyil, sanki bir sınaq poliqonuna çevrilib. Sərnişinlərin tunellərdə qaldığı, qatarların hərəkətinin iflic olduğu, insanların havasızlıqdan boğulduğu o dəhşətli dəqiqələr hələ də yaddaşlardan silinməyib.

Rəsmi izahat isə hər zamankı kimi “texniki nasazlıq” pərdəsi arxasında gizlədildi. Amma bu “texniki nasazlığın” pərdəarxasında yatan idarəçilik iflası, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun prioritetlərinin nə qədər yanlış olduğunu bir daha sübut etdi.

Metroda hərəkət qrafiki hələ də bərpa olunmayıb, qatarlar arasındakı intervallar sərnişinləri rəsmən cana doydurub. Bəs bu xaosun ortasında Metropoliten rəhbərliyi nə ilə məşğuldur? Problemi kökündən həll etmək, enerji sistemini müasirləşdirmək, generatorların niyə işə düşmədiyini araşdırıb günahkarları cəzalandırmaq əvəzinə, Vüsal Aslanov tender “ovuna” çıxıb. Özü də nə tenderi? Domkrat və GPS cihazları!

Təsəvvür edin, metronun enerji sistemi çökmüş vəziyyətdədir, sərnişinlər tunellərdə evakuasiya edilir, amma rəhbərlik 138 min manata bir dəst “UD-60-2400” markalı mobil domkrat qurğusu almağı daha vacib hesab edir. Bu, sadəcə büdcə vəsaitlərinin qeyri-effektiv xərclənməsi deyil, bu, xalqın problemlərinə qarşı açıq-aşkar laqeydlik və ironiyadır. Görəsən, Vüsal Aslanov o domkratla metronun iflic olmuş hərəkət qrafikinimi qaldırmaq istəyir? Yoxsa generatorların işləmədiyi yerdə domkratın hansı “möcüzəvi” xilaskarlıq missiyası var?

Metropoliten rəhbərliyinin “tender eşqi” bununla da bitmir. 2 ədəd GPS sistemi üçün ayrılan 32 min manatdan çox vəsait isə başqa bir sual doğurur. Tunelin altında, yerin dərinliyində GPS-in nə işi var? Yoxsa Vüsal Aslanov sərnişinlərin tunellərdə azacağından qorxur? Bu qədər vəsaitin strateji əhəmiyyəti olmayan texnikalara xərclənməsi, metrodakı real texniki böhranın fonunda rəsmən absurddur.

Sərnişinlərin həyatı təhlükədə olanda, metronun daxili enerji təhlükəsizliyi sual altında qaldığı bir vaxtda 138 min manatı domkrata yatırmaq, “ev yanır, mən daraq axtarıram” məntiqindən başqa bir şey deyil. Metropolitenin strateji inkişaf planı sanki sərnişin daşınmasına deyil, bahalı avadanlıqların alınmasına köklənib. Vüsal Aslanovun rəhbərliyibi dövründə biz modernləşmə, rahatlıq və təhlükəsizlik gözlədiyimiz halda, hər gün yeni bir qəza və yeni bir tender qalmaqalı ilə üzləşirik.

Dövlət büdcəsindən hər il milyonlarla manat subsidiya alan bir qurumun, sərnişinlərin təhlükəsizliyini təmin edən generator sistemini işlək vəziyyətdə saxlaya bilməməsi bağışlanılmazdır. Generatorlar işləmir, qatarlar yolda qalır, ventilyasiya dayanır, amma rəhbərlik domkrat almaq üçün mayın 21-ni səbirsizliklə gözləyir. Bu, idarəçiliyin deyil, məsuliyyətsizliyin pik nöqtəsidir.

Vüsal Aslanov başa düşməlidir ki, metronu idarə etmək yalnız tender sənədlərinə imza atmaqdan ibarət deyil. Səhər saatlarında stansiyalarda yaranan o insan selini, havasız vaqonlarda sıxılan vətəndaşları, gecikməyə görə işindən-gücündən olan minlərlə adamı görməyəcək qədər “məşğul” olan bir rəhbərliyin domkrat sevdası sərnişinlər tərəfindən ancaq qəzəblə qarşılana bilər.

Sözün qısası, Bakı Metropolitenində yaranan problemlər texniki deyil, tamamilə idarəçilik xarakterlidir. Nə qədər ki, rəhbərlik real problemləri kənara qoyub, 138 minlik domkratların və lazımsız GPS-lərin dalınca qaçacaq, sərnişinlər hələ çox tunellərdə qalacaq, hərəkət qrafiki isə hələ çox “axsayacaq”. Vüsal Aslanovun “domkrat islahatı” göstərir ki, metronun dirçəlməsi üçün ilk növbədə bu yarıtmaz idarəetmə təfəkkürünü yerindən tərpətmək lazımdır – təəssüf ki, buna heç bir bahalı domkratın gücü çatmaz.

Əli Səfərli,
NOCOMMENT.az