TƏCİLİ! ABŞ İranla müharibəyə yenidən başlayır – Bu saatda…backend

TƏCİLİ! ABŞ İranla müharibəyə yenidən başlayır – Bu saatda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginlik artıq kritik həddə çatıb. ABŞ və İran arasında İslamabadda planlaşdırılan üzbəüz danışıqların Tehranın manipulyasiyaları nəticəsində baş tutmaması tərəflər arasındakı uçurumu daha da dərinləşdirib. Ağ Ev administrasiyası, xüsusilə prezident Donald Tramp artıq “danışıqlar xatirinə danışıqlar” mərhələsinin bitdiyini bəyan edərək, konkret saziş və net nəticələr tələb edir. Vaşinqtonun “təklifiniz varsa, zəng edin” ultimatumu qarşısında Tehranın manevr imkanları daralır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Tehran diplomatik və hərbi təzyiqlər arasında sıxışıb:

“İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyaya təcili səfəri və Çinlə aparılan intensiv məsləhətləşmələr Tehranın beynəlxalq dəstək axtarışından xəbər verir. Lakin zaman İranın əleyhinə işləyir və danışıqlar prosesi sonsuzadək uzana bilməz. ABŞ regiona, xüsusən İran ətrafına yeni hərbi qüvvələr və texnika toplamaqdadır. Bu, sadəcə psixoloji təzyiq deyil, konkret hərbi hazırlıqdır. Növbəti dəfə İrana endiriləcək hərbi zərbələr bu ölkəni onsuz da ağır olan iqtisadi böhrandan tamamilə çıxılmaz bir uçuruma yuvarlayacaq”.

Siyasi şərhçinin sözlərinə görə, İranın daxilində də vəziyyət kifayət qədər gərgindir və hakimiyyət xalqın reaksiyasından çəkinir:

“İranın Milli Təhlükəsizlik Şurasının son iclasında əsas müzakirə mövzusu iqtisadi tənəzzülün xalq etirazlarına yol açması qorxusu idi. Hətta SEPAH rəhbərliyi belə hazırkı vəziyyətin dözülməz olduğunu və prosesin idarəolunmaz həddə çatdığını qəbul etmək məcburiyyətindədir. Tehran rejimi ABŞ-ın yeni hərbi əməliyyatlara başlamaması üçün hər vəchlə müqavimət göstərsə də, masadakı yeni təklifləri ciddi şəkildə müzakirə etməyə başlayıb. Donald Tramp ABŞ-ın Müstəqillik Gününə qədər İran üzərində tam siyasi və diplomatik qələbə qazanmağı hədəfləyir. Bütün bu hərbi hazırlıqlara rəğmən, tərəflər arasında hər an gözlənilməz bir anlaşmanın əldə olunması mümkün görünür”.

Tunar, 
NOCOMMENT.az