Azərbaycanda əmək bazarında inqilabi dəyişiklik gözlənilir. Artıq işəgötürənlər üçün işçinin cinsi deyil, onun gördüyü işin keyfiyyəti və xarakteri əsas götürüləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. Yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən qadın və kişi işçilər arasında maaş fərqi qoyulması qadağan edilir. Bu tələbə əməl olunması artıq hər bir işəgötürənin birbaşa vəzifəsi hesab olunacaq.
İşin “bərabər dəyərli” olub-olmaması müəyyən edilərkən bir neçə vacib meyar əsas götürüləcək. Bura əmək şəraiti, görülən işin xarakteri və mövcud tarif-ixtisas kitabçalarındakı tələblər daxildir. Bir sözlə, eyni vəzifədə, eyni çətinlikdə çalışan şəxslər üçün fərqli ödəniş sisteminə son qoyulur.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Yəni, Azərbaycanda yeni qanunla qadın və kişilərin eyni işə görə fərqli maaş alması aradan qalxır və eyni vəzifədə çalışan hər kəsə bərabər əməkhaqqı ödənilməsi məcburi olur.









