Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının sammitində iştirak planı regionun geosiyasi mənzərəsində ciddi dalğalanmalara səbəb olub. Kremlə yaxın media resurslarının Ermənistan Xarici İşlər Nazirliyinin bu səfəri gizli saxlamağa çalışdığı barədə yaydığı iddialar rəsmi İrəvanın Moskva qarşısındakı ehtiyatlı davranışını nümayiş etdirsə də, belə bir xəbərin gizlədilməsi məntiqi baxımdan real görünmür.
Çünki Avropa İttifaqı və tərəfdaş dövlətlərin liderlərinin bir araya gələcəyi bu miqyaslı tədbirdə Zelenskinin iştirakı, onun əvvəlki bütün sammitlərdəki aktivliyi fonunda gözlənilən və təbii bir addımdır. Ermənistanın bu prosesdə sadəcə ev sahibi statusunda çıxış etməsi və qonaq siyahısının birbaşa Brüssel tərəfindən müəyyənləşdirilməsi İrəvanın Rusiya qarşısında bəhanə imkanlarını genişləndirsə də, Kremlin narahatlığı artmaqda davam edir.
Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu səfər Ermənistanın xarici siyasətindəki kəskin dönüşün növbəti təsdiqi olacaq: “Ermənistandakı radikal qüvvələrin Zelenskinin səfərinin Rusiya ilə münasibətləri tamamilə qopara biləcəyi barədə bəyanatları, əslində Moskvanın İrəvandakı proksi qüvvələri vasitəsilə həyata keçirdiyi təzyiq mexanizmidir. Erməni radikalları Rusiyanın təlimatıyla hərəkət edərək cəmiyyətdə qorxu yaratmağa çalışırlar. Lakin Zelenskinin İrəvanda görünməsi Ukraynanın və Qərbin Moskvaya açıq mesajı olacaq ki, Cənubi Qafqaz, xüsusən də Ermənistan artıq Rusiyanın toxunulmaz ‘arxa bağçası’ hesab edilmir və region sürətlə Avropa təhlükəsizlik arxitekturasına inteqrasiya olunur”.
Politoloq qeyd edib ki, bu sammit və Zelenski ilə gözlənilən görüş baş nazir Nikol Paşinyan üçün daxili siyasi dividentlər baxımından həyati əhəmiyyət kəsb edir: “Nikol Paşinyan yaxınlaşan parlament seçkiləri ərəfəsində Qərb liderlərinin İrəvana gəlişini özünün xarici siyasət uğuru kimi təqdim etmək niyyətindədir. O, Avropa İttifaqı rəhbərliyindən və Zelenski kimi simvolik fiqurlardan alacağı siyasi dəstəklə seçicilərinə ölkənin təhlükəsizliyinin yeni formatda təmin olunduğunu sübut etməyə çalışır”.
Ekspert vurğulayıb ki, Rusiyanın bu səfərə mane olmaq üçün rıçaqları daralsa da, təxribat ehtimalları hələ də qalmaqdadır: “Kreml başa düşür ki, Zelenskinin İrəvanda qəbul edilməsi Ermənistanın KTMT və digər rus mərkəzli layihələrdən tam uzaqlaşmasının vizual təsdiqidir. Buna görə də Moskva həm iqtisadi, həm də daxili siyasi gərginlik vasitəsilə Paşinyan hökumətinə təzyiqləri artıracaq. Lakin Brüsselin qətiyyəti və Zelenskinin bu platformadan istifadə etmək marağı göstərir ki, İrəvan sammiti Cənubi Qafqazın geosiyasi tarixində yeni bir səhifə aça bilər”.
Tunar,
NOCOMMENT.az










