“Dəfn pulu”nu almaq istəyənlərin NƏZƏRİNƏ: Sabahdan….backend

“Dəfn pulu”nu almaq istəyənlərin NƏZƏRİNƏ: Sabahdan….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial təminat sisteminin rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım atılaraq, vəfat etmiş şəxslərin dəfni üçün nəzərdə tutulan birdəfəlik müavinətlərin təyinatı tam avtomatlaşdırılır.

2026-cı il 1 may tarixindən qüvvəyə minən yeni qaydalara əsasən, əmək pensiyaçıları, dövlət qulluqçuları, işsizlikdən sığorta ödənişi alanlar və sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfn xərclərini üzərinə götürən yaxınlarına müavinətin ödənilməsi üçün artıq kağız daşıyıcılarda müraciətə ehtiyac qalmayacaq. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, ölümü dövlət qeydiyyatına alınmış şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və dəfni öhdəsinə götürən şəxs barədə məlumatlar bazaya daxil edildiyi andan proses avtomatik işə düşəcək. Bu yenilik həm bürokratik maneələri aradan qaldırır, həm də həssas dönəmdə olan vətəndaşların vaxt itkisinin qarşısını alır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, bu islahat dövlətin “vətəndaş-məmur” təmasını minimuma endirmək strategiyasının tərkib hissəsidir: “Dəfn müavinətinin avtomatlaşdırılması sosial ədalət və operativlik baxımından inqilabi dəyişiklikdir. Əvvəllər vətəndaşlar bu vəsaiti almaq üçün müxtəlif instansiyalara müraciət etməli, sənəd toplamalı idilər, lakin sabahdan etibarən rəqəmsal infrastruktur bu yükü vətəndaşın çiyinlərindən götürür. Xüsusilə sığortaolunanlar və pensiyaçılar üçün nəzərdə tutulan müavinət məbləğlərinin diferensiallaşdırılması və daha yüksək olanın seçilməsi prinsipi vətəndaşın maraqlarının tam qorunduğunu göstərir”.

Ekspert bildirib ki, ödənişlərin maliyyə mənbələrinin dəqiq bölünməsi sistemin şəffaflığını təmin edir: “Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə ödənişlərin məcburi dövlət sosial sığorta haqları hesabına, digər kateqoriyalara isə dövlət büdcəsindən ödənilməsi büdcə planlamasında intizam yaradır. Dəfn müavinətinin məbləğinin sığortaolunanlar üçün 600 manat, əmək pensiyaçıları üçün isə minimum aylıq pensiyanın üç misli miqdarında müəyyən edilməsi, inflyasiya və cari xərclər fonunda vətəndaşın ilkin ehtiyaclarını qarşılamağa yönəlib. Müraciət müddətinin məhdudlaşdırılmaması isə dövlətin öz öhdəliyinə verdiyi yüksək dəyərin göstəricisidir”.

İqtisadçı vurğulayıb ki, texniki səbəblərdən avtomatlaşdırma mümkün olmayan nadir hallarda belə, mexanizm çevik şəkildə qurulub: “Əgər sistemdə hər hansı texniki fasilə yaranarsa və ya məlumatların inteqrasiyasında problem olarsa, qanunvericilik sığortaedən vasitəsilə müraciət imkanını saxlayır. Bu, heç bir vətəndaşın bu hüquqdan kənarda qalmayacağına təminat verir. Azərbaycanın sosial təminat modelinin bu cür ‘ağıllı həllər’ üzərində qurulması yaxın gələcəkdə bütün növ sosial xidmətlərin proaktiv şəkildə, yəni vətəndaş müraciət etmədən dövlət tərəfindən təklif olunmasına gətirib çıxaracaq”.

Tunar,
NOCOMMENT.az