Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri regionda uzunmüddətli sülhün və etimad mühitinin qurulması istiqamətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Onilliklər davam edən münaqişədən sonra iki ölkə arasında birbaşa və yüksək səviyyəli təmasların məhz İrəvan müstəvisinə daşınması, tərəflərin praktiki həllərə və normal qonşuluq münasibətlərinə keçid etmək iradəsini nümayiş etdirir. Bu səfər sadəcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda Cənubi Qafqazın iqtisadi və logistik xəritəsinin yenidən formalaşdırılmasına xidmət edən konkret müzakirələr platforması rolunu oynayır. Rəsmi Bakının nümayəndə heyətinin bu addımı Azərbaycanın bölgədə sülh gündəliyini diktə edən tərəf olduğunu və delimitasiya prosesinə sadiqliyini növbəti dəfə təsdiqləyir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, səfərin texniki və siyasi ağırlığı Şahin Mustafayevin statusu ilə birbaşa bağlıdır: “Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir və onun rəhbərliyi ilə keçirilən bu görüşlər sərhəd xəttinin müəyyənləşdirilməsi prosesinin artıq masa arxasından sahəyə keçdiyini göstərir. Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin bərpası perspektivlərini qiymətləndirmək və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı qalan texniki detalları yerindəcə müzakirə etməkdən ibarətdir. Ötən gün Nikol Paşinyanın delimitasiya prosesinin yaxın perspektivdə real icrasına başlanacağını qeyd etməsi də tərəflərin artıq konkret xəritələr üzərində ortaq məxrəcə gəldiyinin göstəricisidir”.
Politoloq qeyd edib ki, delimitasiya prosesi ilə paralel olaraq iqtisadi platformada da ciddi canlanma gözlənilir: “Hər iki ölkənin məhsullarının qarşılıqlı ticarət dövriyyəsinə daxil edilməsi və iqtisadiyyatların bir-birinə inteqrasiyası istisna deyil, çünki kommunikasiyaların açılması avtomatik olaraq ticarət əlaqələrini zəruri edir. Ermənistanda seçkilər yaxınlaşır və Nikol Paşinyanın daxili auditoriyada qələbə əldə etməsi, müxalifətin təzyiqlərini neytrallaşdırması üçün Azərbaycanla sülh və iqtisadi sabitlik vəd edən ciddi müsbət proseslərə ehtiyacı var. Məhz bu səbəbdən İrəvanın Bakı ilə razılaşmalara daha sürətli reaksiya verdiyini müşahidə edirik”.
Ekspert vurğulayıb ki, bu proses həm də regional miqyasda daha böyük qapıların açılmasına yol açır: “Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması artıq hər zamankından daha mümkün görünür. Azərbaycanla Ermənistan arasında əldə olunacaq hər bir irəliləyiş Ankara-İrəvan xəttindəki buzları əridir. Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri nəticə etibarilə Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarının tam işlək vəziyyətə gətirilməsi üçün siyasi zəmin hazırlayır. Bu, təkcə iki ölkə üçün deyil, bütün Avrasiya regionu üçün yeni bir iqtisadi eradır”.
Tunar,
NOCOMMENT.az









