Türkiyənin Muğla vilayətinin Ortaca rayonu ərazisində baş verən silahlı insident iki nəfərin ölümü ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerli vaxtla axşam saatlarında Terzialiler məhəlləsində yerləşən Bağhan Hotel qarşısında qeydə alınıb.
Məlumata görə, Ecevit C. adlı şəxs Serap Yılmaz və Hatice Yeysikan ilə borc-alacaq məsələsinə görə mübahisə edib.
Mübahisənin qızışması nəticəsində Ecevit C. üzərindəki silahla iki qadına atəş açıb. Hadisə yerinə çağırılan tibb işçiləri Serap Yılmazın yerindəcə həyatını itirdiyini müəyyən edib. Ağır yaralanan Hatice Yeysikan isə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.
Silahlı hücumdan sonra hadisə yerindən avtomobillə qaçan şübhəli polis tərəfindən təqib olunub. Hüquq-mühafizə orqanları tərəfindən sıxışdırıldıqdan sonra Ecevit C. eyni silahla özünü vuraraq ağır yaralanıb.
Şübhəli xəstəxanaya yerləşdirilib və onun həyatının təhlükədə olduğu bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.
Turan
NOCOMMENT.az













