Ankaradan kritik mesaj: Son qərarı Putin verəcəkbackend

Ankaradan kritik mesaj: Son qərarı Putin verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “CNN İnternational”a müsahibəsində Ankaranın Rusiya və Ukrayna arasında vasitəçilik səyləri ilə bağlı açıqlamalar verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Kalın Xarici İşlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada keçirilmiş görüşü liderlər arasında siyasi danışıqlar üçün hərtərəfli və strateji danışıqlara zəmin yaradacağını bildirib.

“Təbii ki, biz gözləntiləri artırmaq istəmirik. Görüşə reallıqları tam dərk edərək getdik. Reallıq isə budur ki, müharibə hələ də davam edir. Humanitar dəhlizlər Rusiya qüvvələrinin pozuntuları səbəbindən effektiv şəkildə işləmir. Amma diplomatiya müharibə şəraitində savaşın zərərlərini minimuma endirir”, – deyə prezidentin sözçüsü deyib.

Kalın Türkiyənin Rusiya və Ukrayna arasında gələcək danışıqlar üçün vasitəçi olub-olmayacağı ilə bağlı suala da cavab verib: “Bu məsələdə xidmətlərimizi hazır saxlamaq niyyətindəyik. Prezidentimiz bu müharibə başlayandan bəri həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir neçə dəfə danışıb.

Ukrayna tərəfi Rusiya ilə strateji danışıqlar aparmaq istəyir. Amma düzünü desəm, bunun nə vaxt olacağını və ya Rusiyanın bu cür danışıqlara başlamaq üçün özünü nə vaxt rahat hiss edəcəyini bilmirəm. Lavrov Putinin Zelenski ilə görüşməkdən çəkinməyəcəyini deyib. Bunun yaxşı əlamət olduğunu düşünürəm. Bunun yaxın gələcəkdə, yaxud hansısa bir mərhələdə baş tuta biləcəyinə zəmin var. Bu, gec-tez olacaq. Biz də yardımçı rol oynamağa davam edəcəyik. Bu müharibənin başa çatması üçün son qərar Prezident Putindən gələcək. Günün sonunda bu mövzuda son çağırışı edəcək şəxs də Prezident Putin olacaq”.

Kalın Türkiyənin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qatılıb-qatılmayacağı ilə bağlı bunu deyib: “Hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Çünki güvən kanalını açıq saxlamaq istəyirik. Ruslarla rabitə xətlərinin açıq qalmasını istəyirik. Və təbii ki, iqtisadiyyatımızın baş verənlərdən təsirlənməsini istəmirik”.