Separatçılar Qarabağdan çıxarılır?backend

Separatçılar Qarabağdan çıxarılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 22-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan politoloq Elxan Şahinoğlu separatçıların Qarabağdan çıxarılması məsələsinin uzandığına təəssüf edib: “Əslində, həm 10 noyabr 2020-ci il, həm də Azərbaycan və Rusiya prezidentlərinin bu il fevralın 22-də imzaladığı bəyənat həmin seperatçıların tərki-silah edilib, ərazilərdən çıxarılması göstərilib. Amma çox təəssüf ki, bu məsələ uzadılır”.

Onun sözlərinə görə, Rusiya hərbiçiləri bu məsələnin həlli üçün heç bir iş görmürlər: “Ona görə də, bu məsələləri artıq qətiyyətlə Rusiya hakimiyyəti və komandanlığı qarşısında qaldırmaq lazımdır. Kərim Vəliyev də bu məsələni rusiyalı həmkarı ilə müzakirə edib. Ancaq mən o qədər də optimist deyiləm. Düşünmürəm ki, hansısa danışıqlardan sonra rus hərbçiləri Qarabağdakı seperatçıları tərk-silah edib, çıxarsınlar”.

Politoloq qeyd edib ki, hər halda müzakirələrin başladılıb, dərinləşdirilməsi bizim üçün çox faydalıdır: “Rusiya tərəfi bizim bu məsələnin həllini istədiyimizi bilir. Çünki bu məsələ həllini tapmasa, regionda gərginlik azalmayacaq. Ermənilər bu görüşdən ola bilsin ki, əndişəlidirlər ki, ruslar bizimlə razılaşarlar. Ancaq ermənilər anlamalıdırlar ki, biz bu məsləni həll edəcəyik”.

“Biz artıq Qarabağa gedən qaz, su, elektrik xətlərini nəzarət altına almışıq. İndi şikayət edirlər ki, qaz gəlmir, gələ də bilməz. Çünki Ermənistandan işğal dövründə qanunsuz boru kəməri çəkiblər.

Bu məsələ Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməlidir. Bu məsələlər də artıq bizim nəzarətimizdədir. Çox təəssüf ki, ermənilər bunu anlamaqda çətinlik çəkirlər”, – deyə E.Şahinoğlu bildirib.