Gəncədə məzunlar üçün 800 İŞ YERİ təqdim edildibackend

Gəncədə məzunlar üçün 800 İŞ YERİ təqdim edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncədə “Məzun-2022” yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib.

Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir.

Eyni zamanda aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən ilə genişlənir. Bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlınğının bariz nümunəsidir”.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin tələbə parkında 14-cü məzun yarmarkasının açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov verib.

Onun sözlərinə görə başa çatmaqda olan tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə – 1347 nəfərə çatması aqrar sahədə təhsilə marağın artdığını göstərir.
Sonra çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bütün məzun olan tələbələrə uğurlar arzu edərək, hər il ənənəvi olaraq keçirilən bu yarmarkada özünə iş tapan məzunların ölkənin aqrar şirkətlərində aparıcı vəzifələrdə çalışdığını qeyd edib.

Rektor vurğulayıb ki, pandemiya səbəbilə tətbiq olunan məhdudiyyətlər son iki ildə məzun yarmarkasını keçirməyə imkan verməsədə uzun fasilədən sonra ilk dəfə keçirilən ənənəvi yarmarkada 1700 nəfərə yaxın məzun vakant yerləri tutmaq imkanı əldə edəcək.

Tədbirə qatılan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunlara uğurlar diləyib, tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.

Çıxış edən digər natiqlər də məzun olan gəncləri təbrik edərək, keçirilən məzun yarmarkasının əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda aparıcı müəssisə və təşkilatlar tərəfindən iş yerləri barədə məzun və qonaqlara məlumat verilib.

Sonra qonaqlar Universitetin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olub.

Bildirilib ki, burda aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrların hazırlanması üçün bütün imkanlar mövcuddur.
Universitetin 2 saylı Tələbə evinin akt zalında kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Aqrar Universitetin gənc müəllimləri ilə görüşüb. Görüşdə fikir və təkliflər səsləndirilib, gənc müəllimlərin sualları cavablandırılıb.