ABŞ–Venesuela gərginliyi getdikcə artır. ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı mümkün hücum planları barədə açıq şərh verməsə də, “Venesuelada böyük irəliləyiş əldə etmişik” sözlərini deyib.
Regionda isə ABŞ hərbi qüvvələrinin konsentrasiyası artıb, Kariblərə dünyanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford göndərilib. Gəmiyə döyüş təyyarələrinin də müşayiət etdiyi yeni görüntülər paylaşılıb.
NOCOMENT.az xəbər verir ki, Tramp Venesuelaya qarşı hər hansı bir hücum planını açıqlamaqdan yayınaraq jurnalistlərin suallarına “Nələr olacağını sizə deyə bilmərəm, amma bəzi fikirlər var” cavabını verib. O, ABŞ-a narkotik maddələrin gətirilməsinin qarşısını almağın vacib olduğunu vurğulayıb. Prezident əlavə edib ki, bu məqsədlə Meksika və Kolumbiya ilə də yaxın əlaqələr saxlanılır və bu çabalar nəticəsində ölkəyə daxil olan narkotik maddələrin həcmi əhəmiyyətli dərəcədə azalıb.
ABŞ mediasının xəbərinə görə, yüksək rütbəli hərbi rəsmilər Trampa Venesuela ərazisinə müdaxilə daxil olmaqla “yenilənmiş hərbi seçimlər” təqdim ediblər.
ABŞ bu çərçivədə, Latın Amerikası kökənli narkotik kartellərlə mübarizə üçün “Cənub Nəfəsi” adlı yeni hərbi əməliyyatı elan edib. ABŞ Cənubi Komandanlığı Kariblərə göndərilən USS Gerald R. Ford-a dair yeni görüntülər paylaşıb. Görüntülərdə gəmiyə bir çox döyüş təyyarələrinin də müşayiət etdiyi görünür.
Əvvəllər Tramp ordunun Latın Amerikasında narkotik kartellərinə qarşı daha geniş və effektiv istifadə olunması üçün göstəriş vermişdi. ABŞ avqust ayında Venesuela sahillərinə sualtı gəmilər və döyüş gəmilərindən ibarət donanma göndərmiş, Müdafiə Naziri Pete Hegseth isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi daxil əməliyyatlara hazır olduğunu bildirmişdi.
Venesuela Prezidenti Nicolas Maduro isə ölkədə 4,5 milyon nəfərlik milis qüvvəsini səfərbər edərək hər hansı bir hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ donanmasının Venesuela sahillərində bəzi gəmiləri narkotik qaçaqmalçılığı səbəbindən hədəf alması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub və bu əməliyyatların “beynəlxalq hüquqa zidd olduğu” vurğulanıb.













