ABŞ-nin Azərbaycana səfir təyinatı niyə gecikir?  – İLGİNC SƏBƏBbackend

ABŞ-nin Azərbaycana səfir təyinatı niyə gecikir?  – İLGİNC SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin Bakıya səfəri bu ölkənin Azərbaycandakı diplomatik korpus rəhbərinin təyinatının niyə yubanması mövzusunu gündəmə gətirib. Xanım diplomatın regiona səfiri “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində gerçəkləşir.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu ilin yanvarın 18-də ölkəsinə qayıdıb. O, səhhətində olan problemlərlə əlaqədar vəzifəsini tərk edib.

Hələlik ABŞ-nin Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn Mark Libbinin təyinatına qədər 1 ildən çox ABŞ-nin Azərbaycandakı səfirliyi başsız qalıb.

Qeyd edək ki, birləşmiş Ştatlarda səfirin təyin edilməsi prosesi prezident tərəfindən namizədliyin irəli sürülməsi, baxılması və Senat tərəfindən təsdiqlənməsini əhatə edir. ABŞ prezidenti səfir vəzifəsinə namizədi irəli sürür. ABŞ Konstitusiyasının tələb etdiyi kimi, namizəd Senat tərəfindən təsdiqlənməlidir. Namizədin təsdiqlənməsi üçün Senatda səsvermə tələb olunur. Senator təyinat prosesini qeyri-müəyyən müddətə təxirə sala bilər. Amma yaxın vaxtlarda belə bir müzakirələr gözlənilmir. Gürcüstanla bağlı vəziyyətlə fərqli olsa da, Azərbaycana səfir təyinatının gecikməsi ABŞ-nin Cənubi Qafqazdakı fəallaşması ilə uyğun gəlmir.

ABŞ-Azərbaycan münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir.

Prezident Donald Trampın qayıdışı ilə Vaşinqtonun siyasəti daha çox real və məntiqli maraqlara əsaslanmağa başlayıb. Azərbaycan ABŞ üçün həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda mühüm geosiyasi aktordur. İki ölkə arasında enerji layihələrindən tutmuş, nəqliyyat və kommunikasiya dəhlizlərinə qədər geniş əməkdaşlıq imkanları mövcuddur.

Belə bir siyasi ortamda səfirin olmaması ABŞ Dövlət Departamentinin bir qədər də qeyri-peşəkar yanaşması təəssüratı yaradır. Bəs Ağ Ev administrasiyası niyə səfir təyinat prosesini bu qədər yubadır?

Kamran Məmmədli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Kamran Məmmədli bildirib ki, səfir təyinatının 10 ay yubadılması bir neçə paralel faktorla izah oluna bilər:

“ABŞ-da səfir təyinatı prosesi həm texniki, həm də siyasi səbəblərdən tez-tez ləngiyir. Çünki səfir seçimi bizim kimi ölkələrdən fərqli olaraq ABŞ-da bir neçə mərhələdən keçməlidir. Xüsusilə, ABŞ Senatında səfir təyinatları uzun illərdir siyasi tıxacların qurbanına çevrilir.

Məsələn, keçmiş Los-Anceles meri Erik Garsettinin Hindistana ABŞ səfiri kimi təyin olunması üçün Senat təsdiqini 20 ay (təxminən 1 il 8 ay) gözləməsi buna nümunədir. Partiyalararası rəqabət səbəbindən namizədlərin təsdiqi çox vaxt aylarla, bəzən isə bir ildən artıq gecikir. Hazırda da Vaşinqtonda onlarla ölkə üçün səfir təyinatı eyni səbəblərdən gözləmədədir. Eyni zamanda hesab edirəm ki, ABŞ administrasiyası namizəd seçimində daha diqqətli davranmağa çalışır. Çünki Azərbaycan enerji marşrutlarında, regional təhlükəsizlikdə və geosiyasətdə mühüm mövqeyə malik ölkədir. Belə bir dövlətə göndəriləcək səfirin həm regionu yaxşı tanıması, həm də yeni administrasiyanın siyasətinə uyğun olması vacibdir. Namizəd müəyyən edilsə belə, onun Senatdan keçmək ehtimalı əvvəlcədən qiymətləndirilir ki, bu da əlavə vaxt tələb edir.

Bu baxımdan, Azərbaycana təyinatın yubadılması iki ölkə arasında hər hansı problemin mövcudluğu ilə əlaqəli deyil.

Vaşinqtonla Bakı arasındakı əməkdaşlıq gündəliyi kifayət qədər geniş və praktik xarakter daşıyır. Səfirin olmaması müəyyən prosesləri ləngidə bilər, amma münasibətlərin strateji mahiyyətini dəyişmir. Ona görə də gecikmə daha çox ABŞ-ın daxili siyasi mexanizmləri və administrasiyanın ümumi prioritetləri ilə bağlıdır.”