“ABŞ-nin Səudiyyə Ərəbistanına “NATO-dan kənarda əsas müttəfiq” statusu verməsi Vaşinqtonun Yaxın Şərqdə təsirini möhkəmləndirməyə, İranın regional nüfuzunu məhdudlaşdırmağa və Çin–Rusiya yaxınlaşmasına qarşı balans yaratmağa yönəlib”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva NOCOMMENT.az-a səsləndirib.

Politoloq bu addımın İran tərəfindən mənfi qarşılanacağını, çünki Tehranın yeni bir təhlükəsizlik blokunun formalaşması ilə üzləşəcəyini və buna görə bölgədəki proxy qruplar vasitəsilə təzyiqləri artırmağa meyilli ola biləcəyini qeyd edib:
“Bu addım ABŞ-yə Səudiyyə ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək, Körfəz təhlükəsizlik arxitekturasını öz nəzarətində saxlamaq və enerji bazarında koordinasiyanı təmin etmək imkanı verir.
İran bu addımı özünə qarşı təhlükə olaraq görəcək və bunun nəticəsində bölgədəki proxy qrupları daha aktivləşdirməyə çalışa bilər. Türkiyə isə məsələyə daha praqmatik yanaşacaq. ABŞ–Səudiyyə yaxınlaşması Ankaranın bölgədəki rolunu qismən məhdudlaşdıra bilsə də, ümumi sabitlik və enerji əməkdaşlığı baxımından yeni imkanlar da yaradır”.
Politoloq sonda əlavə edib ki, bu prosesin Cənubi Qafqaza dolayı təsirləri mümkündür.
“İranın təzyiq altında qalması onun Qafqaz siyasətini daha sərtləşdirə, ABŞ-nin bölgədə artan aktivliyi isə Azərbaycan üçün Orta Dəhliz və enerji təhlükəsizliyi məsələlərində əlavə siyasi dəstək formalaşdıra bilər”.
Aynurə İsmayıl












