Son aylarda beynəlxalq gərginliyin mərkəzi Yaxın Şərqdən və Rusiya–Ukrayna müharibəsi mövzusundan Qərb yarımkürəsinə keçib. Hazırda diqqət ABŞ və Venesuela arasında dərinləşən “soyuq” qarşıdurmaya yönəlib. Analitiklərin fikrincə, vəziyyət ABŞ prezidenti Donald Tramp və Venesuela lideri Nikolas Maduro arasında gedən bir növ şahmat partiyasını xatırladır: Tramp hücum taktikasını seçir, Maduro isə müdafiə olunur.
ABŞ-ın ilkin tələbləri və böhranın dərinləşməsi
Sentyabr ayında Vaşinqton Karakasdan ABŞ-a deportasiya olunan bütün vətəndaşları dərhal qəbul etməyi tələb etmişdi. Tramp o zaman bəyan etmişdi ki, Venesuela rəhbərliyi “psixiatrik xəstəxanaların xəstələri də daxil olmaqla, ən təhlükəli insanları ABŞ-a göndərib”.
Sonradan ABŞ diqqəti narkokartellərlə mübarizəyə yönəltdi, lakin The New York Times yazır ki, əsas məqsəd Maduronu hakimiyyətdən uzaqlaşdırmaqdır. Bir müddət sonra Tramp Venesuelaya hərbi müdaxilə ilə hədələdi. ABŞ Karib hövzəsində hərbi varlığını artırdı, döyüş gəmiləri Venesuela sahillərinə yaxın yerləşdirildi. Bu, Maduronu o dərəcədə narahat etdi ki, o, demək olar, yalvarışa bənzər çağırışla çıxış etdi: “Müharibə yox, yalnız sülh, xahiş edirəm”.
Madorunun ritorikasının sərtləşməsi
Lakin son günlərdə Maduro yumşaq ritorikanı kənara qoyaraq daha sərt mövqe göstərməyə başlayıb. O bildirib ki, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı Trampın “siyasi karyerasının sonu” olacaq. Onun sözlərinə görə, ABŞ daxilində müəyyən təsir qrupları Trampı aqressiyaya sövq edir və artıq “Tramp sonrası dövr” üçün planlar qurur. Maduro ölkədə milisiya və könüllülər arasında geniş mobilizasiya elan edib.
Ekspertlər hesab edirlər ki, bu, sadəcə simvolik addım deyil — Karakas göstərməyə çalışır ki, təzyiq qarşısında geri çəkilmək niyyətində deyil.
Trampın strategiyası: təzyiq, zəifləmək və yenidən təzyiq
Müşahidəçilərin fikrincə, Trampın siyasəti daha çox biznes yanaşmasını xatırladır: əvvəlcə hədələr, hərbi gəmilərin bölgəyə göndərilməsi, CIA əməliyyatları — daha sonra rəsmi ritorikanın yumşaldılması. Tramp son açıqlamalarında “münasib vaxtda Maduro ilə danışacağını” bildirib. Bu isə müdaxilə təhlükəsinin aradan qalxdığı anlamına gəlmir.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın mümkün quru əməliyyatı həm böyük maliyyə xərcləri, həm də beynəlxalq qınaq doğura bilər.
Səmra ABBAS
Xüsusi olaraq NOCOMMENT.az üçün













