Adını dəyişmək istəyənlərin NƏZƏRİNƏ – Bu halda mümkün deyilbackend

Adını dəyişmək istəyənlərin NƏZƏRİNƏ – Bu halda mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaşın adının dəyişdirilməsi ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları ilə tənzimlənir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-ın sorğusunda cavab olaraq tanınmış vəkil Turan Abdullazadə deyib.

Vəkil bildirib ki, adın dəyişdirilməsi üçün nəzərdə tutulan qaydalar Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilib: “Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada şikayət, o cümlədən məhkəməyə şikayət verilə bilər. Bildiyimiz kimi, Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa valideynlərin razılığı ilə ad verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Lakin valideynlərin soyadları müxtəlifdirsə, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin – övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirilibsə, o zaman 18 yaşına çatmayan övladların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Yəni respublika vətəndaşlarının adını, ata adını və soyadını dəyişdirməsi 18 yaşına çatdıqdan sonra icazəlidir”.

Vəkil bildirib ki, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir: “Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır. Lakin ən vacib məqam budur ki, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismindədirsə, yaxud götürülməmiş və ya ödənilməmiş məhkumluğu varsa, eləcə də barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə, həmin şəxsin adı, ata adı, soyadı dəyişdirilə bilməz”.