Ana-bacılarımız öz ismətini bu qədər itirib ki, efirdə… – Sensasion müsahibəbackend

Ana-bacılarımız öz ismətini bu qədər itirib ki, efirdə… – Sensasion müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Televiziyasının yaranmasından 67 il ötür. Cəmiyyətimiz həmin gündən bu yana olub-bitənləri mavi ekranlardan izləyirlər.

NOCOMMENT.az xəbər verir ki, bugünə özəl olaraq yenisabah.az 24 ildir teleradio sahəsində çalışan və göstərdiyi xidmətlərinə görə tərəqqi medalına layiq görülən Yusif Ağayevlə həmsöhbət olub.

– Yusif bəy, hazırda yayımlanan verilişləri necə dəyərləndirirsiniz, niyə tamaşaçılar efirlərdən narazıdır?

– Teleradio elə bir sahədir ki, cəmiyyətdə ayna rolunu oynayır. Buradan auditoriyaya nə təqdim olunsa, cəmiyyət tərəfindən həzm edilir. Efirdə keyfiyyətli televiziya məhsulu yayımladıqda, bu, adətən izləyicilər üçün maraqsız olur.

Dünən türk televiziyalarının birində intellektual xarakterli veriliş izləyirdim. Sonra söylədim ki, yenidən bu sahəyə qayıtsam, auditoriyaya bu tipli efir məhsulu təqdim etmək istəyərəm. Mənə dedilər ki, axı sən intellektual veriliş aparsan, bu reytinq gətirməyəcək. Əlbəttə ki, deyilənlərdə çox böyük bir həqiqət var. Tamaşaçı televiziyadan ancaq qalmaqal istəyir, kiminsə alçaldılmağı izləyicilər tərəfindən böyük bir maraqla qarşılanır.

Əgər tamaşaçının öz problemi varsa, belə proqramları izlədikdən sonra düşünür ki, sən demə məndən ağır dərdi olan insan da var. Beləliklə o, öz problemini yaddan çıxarır. Bununla da, izləyici, adətən, təskinlik tapır və həmin veriliş onu özünə cəlb edir.

İntellektual verilişə maraq olması üçün, ilk olaraq, izləyicilərdə müəyyən qədər ağıl, dünyagörüşü, əqidə lazımdır. Cəmiyyətin ən aşağı təbəqəsindən olan adamı efirə çıxarıb, onun probleminin müzakirəsi, ekspertlərin həmin şəxsi təhqir etməkdən savayı, onunla əlbəyaxa olması tamaşaçının marağını daha da çoxaldır. Biz bunu çox aydın şəkildə müşahidə edirik.

İntellektual verilişlərdə isə hər hansı bir davadan, qalmaqaldan söhbət gedə bilməz. Aparıcı və iştirakçı bir-birindən 5 metr aralı dayanır, arada söhbətləşib, zarafat edirlər. Burada iştirakçı hər hansı məbləğdə vəsait əldə edir. Tamaşaçının qazancı isə aparıcının verdiyi bilgilər olur. Təbii ki, bu izləyiciyə o qədər də cəlbedici gəlmir.

– Sosial tipli verilişlərdə ailə məsələlərinin müzakirəsinə münasibətiniz necədir?

– İndiki ailələr nəyə görəsə, evlərinin sirrini efirdə açıqlayıb, müzakirəyə çıxarırlar. Axı bu doğru deyil. Bir məsəl var, el bizim, sirr bizim. Ailənin sirri onun şəxsi məsələsidir. Bu evin divarlarından kənara çıxmamalıdır. Həmin adamlar bununla nə əldə edir? Qohum-qonşu arasında özünü rüsvay etməkdən nə qazanır? Tutaq ki, efirə çıxdın, hər şeyi danışdın, bəs sonra? Təhqir olundun, ekspertlər az qala səni döymək dərəcəsinə çatdı, sən bundan həzz alırsan? Kimdənsə intiqam almaq üçünmü özünü biyabır edirsən? Bizim ana-bacılarımız öz ismətlərini bu qədər itirib ki, öz namusunu, ailə məsələlərini efirdə müzakirəyə çıxarsınlar? Bircə o qalıb ki, həmin verilişlərdə erotik səhnələrə yer ayırsınlar. Adını çəkməyəcəm, əvvəl bir verilişdə belə hal da yaşanıb.

– Özəl kanalların belə verilişləri yayımlamaqda məqsədi nədir?

– Özəl kanallar maliyyəni özləri təmin etdiyi üçün burada sponsor amili olduqca vacibdir. Bütün sadalanan hallar televiziyalara reytinq qazandırır və sponsorlar da həmin verilişləri, kanalları seçirlər. Sözügedən verilişləri hazırlayıb, yayımlayan kanallar beləliklə öz maliyyəsini təmin etmiş olur.

Artıq sponsorlar nə istəyirsə, televiziyalar da onu edir. Bununla da hər iki tərəf qazanır. Belə olduğu halda, sosial verilişlərdə ailə-məişət problemləri qabardılır. Bunun isə öz növbəsində mənfi və müsbət tərəfləri var. Kim ki, o verilişlərə baxmadığını deyirsə, bu həqiqi deyil. Əgər insanlar hazırkı efir proqramlarından, sosial tipli verilişlərdən narazıdırsa, niyə həmin verilişlərin reytinqi yüksəkdir? Demək, elə ən böyük maraq da sözügedən proqramlaradır. Özəl kanallar da, özlərinə görə haqlıdırlar. Çünki onlar özlərindən maliyyələşir. Dövlət onlara hər hansı vəsait ayırmır. Dünyanın hər yerində bu belədir.

– Çıxış yolunu nədə görürsünüz?

– İllərin aparıcısı, teleradio əməkdaşı olaraq deyə bilərəm ki, bu məsələnin hər hansı çıxış yolu yoxdur. Əgər sosial verilişlər bağlansa, yaxud mahiyyətini dəyişsə, həmin kanalların izləyicisi azalacaq. Bu da sponsor axınını dayandıracaq. Belə hallar kanal üçün müsbət sayılmır. Bunlar yaşandığı təqdirdə,televiziya öz əməkdaşlarına maaş verə bilməyəcək, maliyyə məsələlərində problemlər baş qaldıracaq və nəticədə işçilər ixtisar olunacaq.

Bütün bu gerçəklər, həmin proqramların mövcudluğunu zəruri edən amillərdir. Nə qədər ki, cəmiyyət və onun müəyyən təbəqələri varsa, onların problemlərinin belə tərzdə qabardılması da həmişə gündəmdə olacaq.

– Bəs normal qaydada veriliş aparmaq istəyənlər nə etməlidirlər?

– Nüfuzlu aparıcı əgər hazırkı şəraitdə normal bir veriliş yayımlamaq istəyirsə, gərək onun sponsoru olsun. Sponsoru olan aparıcı istədiyi verilişi hazırlayıb, təqdim edə bilər. Sponsor məsələsi Türkiyədə də belədir. Əvvəllər “İffət” deyə bir türk serialı yayımlanırdı. Burada Deniz Çakır adlı aktrisa eyniadlı obrazı canlandırırdı. Serialı son mərhələdə elə hala saldılar ki, izləyicisi azaldı. Bununla da seriala son verildi.